Aqil ABBAS: 25 TİKİŞƏ «SARI VƏRƏQƏ»…

«Qarabağ»la «Səbail» komandalarının  oyununu izlədim. Yadıma Daşkəndin «Paxtakor»  komandası düşdü.

Deməli, «Qarabağ»ın qapıçısı  (eləcə də millinin) Şahruddinin başına  25 tikiş qoyulub. Hamımızın fəxr etdiyimiz beynəlxalq dərəcəli hakim Əliyar Ağayev  «sarı vərəqə» ilə  kifayətləndi. «Səbail»in qapısına da nəğd 11 metrlik vermədi. Ozobiçi də şil-küt elədilər və bu mövsümün sonunadək yaşıl meydana həsrət qalacaq.

Bəs, nədən  yadıma «Paxtakor» düşdü?  «Paxtakor» o qədər güclü komanda deyildi, amma bir ara komanda necə formalaşdısa hamını  çaşdırdı. An və   Fyodrov kimi futbolçuların önündə «Dinamo» (Kiyev) kimi  komanda da duruş gətirə bilmirdi. Amma belə bir vaxtda da  bəxti gətirmədi. 1979-cu ilin avqustun 11-də komanda  növbəti oyun üçün Minskə uçanda təyyarələri hava  limanına  enərkən  başqa bir  təyyarə ilə toqquşdu və bütün heyət həlak oldu.  Çox ağır  faciə idi.

Bu faciədən sonra SSRİ Futbol Federasiyası  belə bir  qərar  çıxartdı ki, «Paxtakor» komandasına 3 illik güzəşt  verilir. Yəni  sonuncu yerdə olsalar da  yüksək liqanı  tərk etməyəcəklər, komanda bu müddətdə  təzədən  formalaşa bilsin.

Dəliyə belə bir  sənəd ver, ayağına da qüvvət ver. Bundan sonra yüksək liqadakı bütün komandalar «Paxtakor»dan  qorxmağa başladı. Səbəb? Komanda kiminlə oynayır-oynasın, istəyir «Dinamo» (Kiyev) olsun, ya «Spartak», ya da «Torpedo» (Kutaisi), yəni  fərq etməz, rüşvət istəyirdi. Qısası, yəni  oyunu  satırdı. Razılaşmayan komandalar olanda isə sərt oyuna keçirdi. Qabaqlarına  kim gəldi şil-küt eləyirdilər.  Ona görə də komandalar  məcbur olub istənilən pulu ödəyirdi.

Məsələnin başqa bir tərəfini də deyim ki,  üç il ərzində alınan həmin pullar həlak  olmuş futbolçuların, məşqçilərin və həkimlərin ailələri arasında dədə  malı kimi bölünürdü.

Bunu niyə yazdım? İstəyirəm dostum Qurban Qurbanova bir məsləhət verim.

Çünki «Qarabağ»a qarşı oynayan komandalar da bəzən hayıflarını futbolçulardan çıxırlar.

Qurban müəllim, bəlkə siz də «Paxtakor»un tərsini edəsiniz? Yəni  oyundan  əvvəl rəqiblərinizə minnətçi düşəsiniz, lazım gəlsə müəyyən miqdarda boyun  olasınız  və xahiş edəsiniz ki, bizim uşaqları şil-küt eləməyin. Axı, onlar  həm də milli  komandanın  şərəfini  qoruyurlar.

Belə-belə işlər…

1966-cı ildə Braziliya ilə Macarıstanın  oyununda Pelenin ayağını vurub qırdılar ki, İngiltərə  çempion olsun.

İndi Şahruddinlə Ozobiçi  hansı komandanın  çempion olması üçün sıradan çıxartdılar? Məsələ məlum olduğu  üçün üstü basdırılsın.

Yeri gəlmişkən, bir çex futbolçu vardı gərək ki, «Yuventus»da oynayırdı Pavel Nedved, çox güclü  futbolçuydu, həmişə  yarımfinalda vurub qılçını  qırırdılar ki,  finalda oynamasın.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 385
  • 141
  • 6,911
  • 21,244
ILK-10 Azeri Website Directory