Salyanda çiyid səpini sürətlənir

Artıq bir neçə gündür ki, Salyanda çiyid səpininə start verilmişdir.  Bununla əlaqədar “P-Aqro” MMC-nin buradakı filialının direktoru  Mərdan Cəlilova telefon edib səpinə nə vaxt başladıqlarını, işlərin necə getdiyini bilmək istədikdə “hər şey yaxşıdır, gəlib özünüz görməyiniz məsləhətdir”, – dedi.

Razılaşdığımız kimi, səhər Sarvan kəndinə dönən yolda, bir vaxtlar bu kənddə uzun müddət kolxoz sədri işləmiş Sosialist Əməyi Qəhrəmanı, dəfələrlə SSRİ Ali Sovetinin deputatı olmuş adlı-sanlı pambıq ustası Qüdrət Səmədovun tikdirdiyi  böyük tağlı qapının yanında görüşdük. Hal-əhval tutduqdan sonra çiyid səpininin vəziyyətini soruşduq.

– Bir neçə kənddə, o cümlədən Sarvan ərazisində səpin aparılır. İstəsəniz, gedib baxa bilərik.

Filial direktorunun “Niva”sına əyləşib sahəyə yollandıq. Çox da uzaq olmayan sahədə 2 traktor mala çəkirdi. Təxminən 200 metr irəlilədikdən sonra yol yoldaşım:

– O biri başdan getsək, bir az uzaq düşəcək, buradan isə əlbəəldir, traktor da bəri başa gəlir,- dedi.

Mala çəkənlər bizi görüb traktoru saxladılar. Traktorun kabinəsinin yan şüşəsindəki böyüdülmüş əsgər şəkli diqqətimizi çəkdi. Öyrəndik ki, mexanizator Ümid Nağıyevin Vətən müharibəsində şəhid olmuş qardaşı Nicatın şəklidir. Ortaya çökən sükutdan sonra mexanizator Samid Səfərov üzünü filialın direktoruna tutdu:

– Mərdan müəllim, demək olar ki, mala işini qurtarırıq. Gördüyünüz kimi, sahə yaxşı torpaq verir.

Direktor onun sözünü yoxlayırmış kimi əyilib bir az torpaq götürərək ovucunda sıxıb yerə buraxdı. Sıxılmış torpaq yerə düşərək un kimi ovuldu.

 – Sən deyəndir, Samid, ancaq özünüz bilirsiniz ki, tək bununla iş bitmir. Pambıq bitkisi körpə uşaq kimidir, gərək torpaqdan baş qaldırdığı gündən son qozasını yığanadək nazını çəkəsən.

Bu vaxt sahənin o biri başında “Canse” səpin aqreqatı qoşulmuş traktor göründü və yavaş-yavaş bizə tərəf gəlməyə başladı. Torpaq mülkiyyətçisi Adıgözəl Əliyev də traktorun yanı ilə irəliləyirdi. Bizə çatıb dayandılar. Filialın direktoru:

– Adıgözəl, qardaş, gərək keçənilki rekordunu – 58 sentneri ötüb keçəsən. Maşallah, sahən aratdan sonra yaxşı torpaq verir.

Adıgözəl də cavabında:

– İnşallah, yaxşı olar. Çalışarıq məhsulumuz bol olsun. Məhsulumuz bol olanda qazancımız çox, üzümüz ağ olur. 

Mülkiyyətçidən əkini necə apardığını soruşduq. Dedi ki, bu il “Lodos” sortunu əkir: “Bu sort yüksək məhsuldarlıqlı olmaqla yanaşı, həm də susuzluğa davamlıdır. Əkin zamanı torpağa çiyidlə birlikdə ammofos gübrəsi veririk. Bu da bitkinin yaxşı çıxmasına və boy atmasına müsbət təsir edir”.

Malaçəkən traktorlar yanaşı olan digər əraziyə – Rəvan Bəşirovun sahəsinə keçdi.

Hazırda “P-Aqro” MMC-nin Salyan filialı ilə hələ ilin əvvəlində müqavilə bağladığı fermerlərin yaşadıqları Şorsulu, Dayıkənd, Qızılağac, Arbatan, Kürqaraqaşlı, Parça Xələc, Yenikənd və digər ərazilərdə çiyid səpini gedir və işlər gündən-günə sürətlənir. Səpini optimal müddətdə başa çatdırmağa çalışan mülkiyyətçilər və filial işçiləri gün çıxandan gün batana kimi sahələrdə olurlar. Hər gün 26 traktor, 12 mala, 15 səpin aqreqatı sahələrə çıxarılır, 90 – 100 hektarda səpin aparılır.

Qeyd edək ki, cari ildə filialla 374 nəfər fermer 2 min 150 hektarda pambıq əkib-becərmək üçün müqavilə bağlayıb. Müqavilə şərtlərinə əsasən, bu qədər sahədə iki dəfə şum edilib. İndi isə əkinin qızğın çağıdır. Fermerlərin sahələri növbəlilik əsasında, arata düşdükcə malananaraq əkilir. Kifayət qədər gübrə və toxum tədarük edilmişdir. Fermerlərə “Bəyaz altun” və “Lodos” sortları əkmək təklif olunur. “Bəyaz altun” toxum sortu artıq bir neçə ildir Azərbaycanda istehsal olunan xam pambıqdan da alınır. Keyfiyyəti pis deyil, qiyməti də sərfəlidir – kiloqramı digər sort kimi 5  yox, 2 manatadır.

“P-Aqro” MMC-nin Salyan filialı torpaq mülkiyyətçiləri və fermerlərin etimadını qazanmışdır. Şəffalıq müəssisənin iş prinsipinin başlıca şərtidir. Buna görə də fermerlər ondan razılıq edirlər. Düzlük, şəffalıq olan yerdə, atalar demişkən, bərəkət də olur. Keçən il hər hektardan 42,6 sentner pambıq götürülmüşdür. Bu da ölkə üzrə ən yüksək göstərici olmuşdur.

İstər filialın kollektivi, istərsə də fermerlər, torpaq mülkiyyətçiləri çiyid səpininə yüksək əhvali-ruhiyyə ilə, etimadla başlamışlar. Atalar yaxşı deyiblər: “Niyyətin hara, mənzilin ora”. İnanırıq ki, Salyan pambıqçıları cari ildə də yaxşı nəticələr əldə edəcəklər.

Seyran CAVADOV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 12,992
  • 87
  • 20,369
  • 34,293
ILK-10 Azeri Website Directory