Azərbaycan Prezidentinin bəyanatından sonra ermənilər ciddi qorxu içərisindədirlər: “İlham Əliyev Mehridə bayrağını ucaltmağa hazırlaşır”

Soros Fondu Ermənistanda itirilən mövqelərini bərpa etmək üçün ölkəmizə qarşı kampaniyasına başlayıb

İkinci Qarabağ müharibəsindən sonra regionda davamlı sülh və əməkdaşlıq əlaqələrinin formalaşması Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Bunun əsas şərtlərindən biri isə Zəngəzur dəhlizinin yaranmasıdır. Bu fonda Prezident İlham Əliyevin səsləndirdiyi “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik… Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” fikirləri Ermənistanda xüsusi diqqət mərkəzindədir.

“Azərbaycan dəhlizin işə salınmasını təmin edəcək”

Erməni şərqşünas ekspert Varujan Qeqamyan Azərbaycanın mütləq Zəngəzura qayıdacağını bildirir: “Bir neçə gündür Zəngəzurdayıq. İnsanlarla söhbətləri, yeni sərhəd zonasına səfəri, eləcə də Zəngəzur ətrafındakı mövcud xəbərləri nəzərə alaraq deyə bilərik ki, Zəngəzur regionun geosiyasi mərkəzidir. Burada güclü dövlətlərin maraqları kəsişir. Bu maraqlar arasında hələlik balans qurulmayıb. İki əsas tərəf bu anda Zəngəzur üçün mübarizə aparır. Birincisi (Türkiyə, Azərbaycan və onların müttəfiqləri) dəhlizlərin Zəngəzurdan keçməsini tələb edir, ikinci tərəf isə (bəzi Avropa dövlətləri) dəhlizə qarşıdır. Amma dəhlizə qarşı olanların mövqeyi əhəmiyyət kəsb etmir. Azərbaycan dəhlizin işə salınmasını təmin edəcək”.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan isə bildirib ki, İlham Əliyev Zəngəzur deyəndə Vayk və Yeğeqnadzoru da nəzərdə tutur. Baqratyanın sözlərinə görə, dünya İlham Əliyevi qınamır və belə bir təəssürat var ki, dünya “Zəngəzuru da verin, qoy sakitləşsin” deyir: “Burada ədalət yoxdur. Zəif tərəf ermənilərdir, qoy məsələ ermənilərin hesabına həll edilsin. Azərbaycan bir il əvvəlkindən iki dəfə daha böyük templərlə silah idxal edir”. Baqratyan vurğulayıb ki, Ermənistan prezidentinin və baş nazirinin Süniki verməsini və vəzifədə qalmasını mümkün hesab edir.

“Bu gedişlə İlham Əliyev bütöv Ermənistanı alacaq”

Manvel  Qasparyan adlı “Instagram” istifadəçisi İlham Əliyevin Zəngəzurla bağlı bəyanatının yer aldığı  paylaşıma belə şərh verib: “Ermənistan ölüb, ağlayanı yoxdur. Əliyevi  izlədim, dəhşətə gəldim. Xəbəriniz varmı ki, İlham Əliyev yavaş-yavaş Zəngəzura, Mehriyə, Qafana doğru irəliləyir. Övladlarıma, mənə müharibə lazım deyildi. Boş yerə gənclərimiz həlak oldular. Paşinyan xalqını, dövlətini yeni müharibəyə, ölüm-itimli günlərə sürükləyir”.

“Vkontakte” sosial şəbəkəsində “İlham Əliyev: Zəngəzura qayıdacağıq” ilə bağlı paylaşılan şəklə münasibət bildirən Zori Livonisyanın səhifəsi isə əyləncə məkanlarında çəkilmiş fotolarla dolu idi. Ukraynada ticarətlə məşğul olan Zori gülüş işarəsi ilə paylaşılan şəklə belə rəy bildirib: “Yazıq Ermənistandakı həmvətənlərimin halına. Bu gedişlə İlham Əliyev bütöv Ermənistanı alacaq. Paşinyanın yalanları ölkəmi uçuruma yuvarlayıb. Azərbaycan isə varlanmaqda davam edir. Əslində İlham Əliyev beynəlxalq təşkilatları özündən asılı vəziyyətə salmaqla, Ermənistanı məhv etməklə məşğuldur. Dünən Yerevanı istədi, bu gün də Zəngəzuru. Regionun açarı İlham Əliyevin cibindədir, dostlar”.

“Belə davam etsə, Əliyev növbəti bəyanatını Zəngəzurdan verəcək”

Qaqik Baqdasaryan adlı riyaziyyat müəllimi “Odnoklassniki” sosial şəbəkəsində İlham Əliyevin Zəngəzurla bağlı çıxışının əks olunduğu videomateriala münasibət bildirib: “Ermənistan Paşinyanın Sünikə səfərindən yox, İlham Əliyevin son bəyanatından danışır. Görəsən bizim nə vaxt normal bir rəhbərimiz olacaq? İlham Əliyev indiyəcən sülhdən danışa-danışa Qarabağı bizdən geri aldı. İndi isə açıq şəkildə Zəngəzurdan  danışırsa, demək, onun hədəfi Yerevandır. Bu gedişlə İlham Əliyevin Yerevanda, Zəngəzurda qarşısına çıxacaq bir adam tapılmayacaq”.

Serj  Vazgenyan adlı birisi isə “Twitter”də yazıb: “Müharibədən sonrakı qorxu hələ də canımızdadır. İlham Əliyev Azərbaycan üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Onun Zəngəzurla bağlı dediklərini rus saytlarından oxumaq kifayətdir ki, bizi nələrin gözləyəcəyini təsəvvür edəsən. Bəli, İlham Əliyev Mehridə bayrağını ucaltmağa hazırlaşır”.

Edvard Karapetyan “Instagram”da Zəngəzurdan şəkil paylaşaraq qeyd edib: “Acı olsa da, reallığı ikinci Qarabağ müharibəsində gördük. Belə davam etsə, Əliyev növbəti bəyanatını Zəngəzurdan verəcək”.

“Sən Qarabağı satmısan, indi Zəngəzuru satmağa gəlmisən”

Nikol Paşinyanın Zəngəzur vilayətinə səfəri ciddi qalmaqalla müşayiət edilib. Paşinyan Qafandan Mehri şəhərinə baş çəkib və burada onu qəzəbli sakinlər fitlə və təhqirlərlə qarşılayıb. Paşinyanın mühafizəçilərin, xüsusi təyinatlı polislərin və təhlükəsizlik xidməti əməkdaşlarının əhatəsində şəhərin mərkəzindəki meydana çıxmaq cəhdi baş tutmayıb. İzdiham onu “Nikol satqın”, “Kapitulyant”, “Sən Qarabağı satmısan, indi Zəngəzuru satmağa gəlmisən”, “Zəngəzur bizim vətənimizdir, onu heç kəsə vermərik” çağırışları ilə qarşılayıblar.

Paşinyanın tərəfdarları ilə onu həqarətlə qarşılayanlar arasında toqquşma baş verib, hüquq mühafizə əməkdaşları onları aralayıb. Bundan sonra Paşinyan şəhəri tərk edib. Şəhəri tərk edərkən etirazçılar Paşinyanı müşayiət edənlərə və baş nazirin avtomobilinə hücum ediblər. Paşinyanın təhlükəsizliyini təmin edən mühafizə xidməti və polisin 500 nəfər xüsusi təyinatlısı müqavimət göstərməyərək avtomobillərə miniblər və baş nazirlə birlikdə şəhəri tərk ediblər.

“Gecə vaxtı niyə gəlib? Azərbaycanlılar onu görməsinlər deyə?”

Baş nazir buradan Qafana yollanıb. Lakin yol üstündə sərhədyanı Şurnux kəndinin sakinləri Paşinyanın hərəkətinə maneə yaratmağa cəhd ediblər. Nikol Paşinyanın onlara məhəl qoymadan yoluna davam etməsi kənddə qalmaqala səbəb olub. Qəzəblənən şurnuxlular onun kortejini yumurta atəşinə tutublar. Şurnux kəndinin rəhbəri Akop Arşakyan deyib ki, sakinlər onları narahat edən məsələləri çatdırmaq üçün Qafan-Gorus yolunda Paşinyanı gözləyiblər: “O, Gorusa getdi, sakinlərlə görüşmədi. İnsanlar onun gizlicə gəlib-getməyinə görə özlərini təhqir olunmuş hesab etdilər”.

Akop Arşakyan  təəssüflənib ki, Paşinyana təhlükəsizliklə bağlı verəcəyi mühüm suallar vardı: “Gecə vaxtı niyə gəlib? Azərbaycanlılar onu görməsinlər deyə, yoxsa o, azərbaycanlıları görməsin deyə? Bizim sakinlər hələ də gözləyirlər. Deyirlər, qoy baş nazir gəlsin, hər şeyi onun üzünə deyək”.

Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan isə bildirir: “Qafanda sakinlər baş naziri hərarətlə salamlayırlar. Amma Şurnux və Mehridə baş verənlər bu yerlərin  sakinləri ilə heç bir bağlılığı olmayan məlum dairələr tərəfindən təşkil edilib”.

Bu arada Mehri bələdiyyə başçısı Mxitar Zakaryan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən polis bölməsinə aparılıb. Bu barədə Zakaryanın vəkili Qayane Papoyan “Facebok” səhifəsində məlumat verib. Vəkil qeyd edib ki, Mehri bələdiyyə başçısının hansı polis bölməsinə aparıldığı barədə dəqiq məlumat yoxdur. “Əvvəlcə onun Mehri polis bölməsinə, daha sonra Qafana aparıldığını dedilər. İndi də bir neçə polis avtobusunun müşayiəti ilə Yerevana aparıldığı barədə məlumatlar var”, – deyə Papoyan qeyd edib.

Siyasi qalmaqal və yeni qarşıdurma

“Dejavü” teleqram kanalı bildirir ki, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyana zəng edərək, aqressiv şəkildə ondan Paşinyanın Zəngəzur səfəri zamanı vətəndaşları etiraz etməyə çağıranların həbsini tələb edib. O, Abazyanı MTX-nın səssiz şəkildə olanları izləməsinə görə tənqid edib. Akopyan həmçinin Abazyanı təhdid edərək, əmri icra etməyəcəyi təqdirdə işdən qovulacağını bildirib. Ermənistanın birinci  xanımı belə davam edəcəyi halda bölgələrdə seçkiqabağı kampaniyanın aparılmasının mümkünsüz olacağını və narazılığın hər yerə yayılacağını bildirib. Kanal Abazyanın artıq əmrin icrasına başladığını və Zəngəzurda geniş həbslər olacağını vurğulayıb.

Onu da qeyd edək ki, bu, Paşinyanın müharibədən sonra Zəngəzura ikinci səfər cəhdidir, birinci cəhdi ötən ilin dekabrında etmişdi. Onda Paşinyan Sisiandan o yana keçə bilməmişdi. Sisian kilsəsində keşiş baş nazirin salam vermək üçün uzanan əlini tutmaqdan imtina etmişdi. Zəngəzurlular isə Gorusa gedən yolu bağlamışdılar. Paşinyan Yerevana qayıtmağa məcbur olmuşdu.

Yeni səfərindən sonra Paşinyan Zəngəzurda etirazların təşkilatçılarına qarşı sərt tədbirlər görülməsinə göstəriş verib. Bu da siyasi qalmaqal və yeni siyasi qarşıdurma yaranacağından xəbər verir. Artıq Zəngəzurda baş vermiş insidentlə bağlı xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq maddələri üzrə cinayət işlərinə başlanıb. Bu maddələr üzrə pul cərimələri ilə yanaşı, 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Soros Fondu anti-Azərbaycan təbliğatını qızışdırır

Zəngəzur dəhlizi ilə bağlı Ermənistanda Azərbaycana qarşı başlanan kampaniyanın arxasında Soros Fonduna bağlı qüvvələrin mövcudluğu sirr deyil. Bu gün Soros Fondu Ermənistanda itirilən mövqelərini bərpa etmək üçün Azərbaycana qarşı qlobal böhtan kampaniyasına başlayıb.  Fonda bağlı insanlar Ermənistanda anti-Azərbaycan əhvali-ruhiyyəsini qızışdırmağa çalışırlar.

Nikol Paşinyanın parlamentdə təmsil olunan tərəfdarlarının arasında uzun illər boyu birbaşa Soros Fondunun maliyyəsi ilə yaşayan, fəaliyyət göstərən 14 deputat var. Fondla dolayısı əlaqəsi olan deputatların sayı isə 50-yə yaxındır. Fond tərəfindən Ermənistanda fəaliyyət göstərən 200-dən çox təşkilata 1997-ci ildən 2018-ci ilədək 48 milyon dollardan artıq vəsait ayrılıb. Sorosun maliyyələşdirdiyi bu təşkilatların çoxsaylı nümayəndələri hazırda Ermənistanda yüksək dövlət vəzifələrində təmsil olunurlar.

Beləliklə, hazırda Ermənistan hakimiyyətində də bir çox şəxslər, eləcə də Paşinyana qarşı çıxan bəzi müxaliflər məhz Soros Fondunun dəstəklədikləri insanlardır. Sorosun ictimai vətəndaş cəmiyyətlərinin əsas məqsədi burada hakimiyyəti öz nəzarəti altına almaqdır. Fond fəaliyyətini xeyriyyəçilik adı ilə pərdələsə də, artıq onun əsl mahiyyəti üzə çıxıb. Ermənilərin iş ortağı hesab edilən Açıq Cəmiyyət İnstitutu bu dəfə məqsədinə çatmaq üçün anti-Azərbaycan kampaniyasına daha çox diqqət edir.

Bu kampaniya cəhdində diqqət çəkən əsas məqamlardan biri də AŞ PA-nın Azərbaycana qarşı erməni təxribatının platforması olmasıdır. Təsadüfi deyil, çünki bu qurumda özündə erməni lobbisini də birləşdirən Soros şəbəkəsi mövcuddur və bu şəbəkənin indiyə qədər AŞ PA-nı Azərbaycana qarşı hücum meydançasına çevirmək, maliyyələşdirdiyi deputatlar vasitəsilə ölkəmizi hədəfə almaq cəhdlərinin dəfələrlə şahidi olmuşuq. AŞ PA-da erməni terrorçularla bağlı Azərbaycana qarşı növbəti hücum cəhdinin də arxasında Soros Fondu və qurumda bu fonda bağlı olan şəbəkə dayanır. Kampaniya iflasa uğradı, hərçənd, AŞ PA-nın çıxaracağı hansısa qərarın heç bir əhəmiyyətinin olmadığı da məlumdur. Qurum artıq əhəmiyyətsiz müzakirələr aparması, yalnız kağız üzərində qalan qərarların çıxarılması ilə tanınır. AŞ PA-nın sessiyalarında azsaylı deputatın iştirak etməsi də qurumun əhəmiyyətsizliyini göstərir.

Bütün baş verənlərə baxmayaraq, Azərbaycan istənilən halda Zəngəzur dəhlizinin işə düşməsinə nail olacaq. Bu, kimsənin müqavimət göstərə bilməyəcəyi qarşısıalınmaz prosesdir.

Elçin CƏFƏROV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 30
  • 15
  • 14,714
  • 40,294
ILK-10 Azeri Website Directory