TOVUZ: Unudulan, diqqətdən kənarda qalan varmı?

Baharın gəlişi Tovuz rayonunda da bir canlanma, gözəl əhval-ruhiyyə, işgüzarlıq mühiti yaradıb. Rayonda bütün işlər əvvəlcədən planlaşdırılır, ciddi hazırlıq görülür, məsul şəxslərin vaxtaşırı hesabatları dinlənilir, icra strukturları tərəfindən nəzarət gücləndirilir. İndi Tovuzda həyatın elə bir sahəsi yoxdur ki, unudulsun, diqqətdən kənarda qalsın. Abadlıq-quruculuq işlərindən tutmuş, insanların gündəlik məişət qayğılarına kimi…

Bir xoş söz də yetər…

Rayon icra hakimiyyətinin başçısı onun evinə gəldi, əlini sıxdı, Vətən müharibəsində iştirakına və şücaətinə görə minnətdarlığını bildirdi. Qaziyə ayrı nə lazımdır? Əlbəttə, bir xoş də söz kifayətdir, diqqət göstərmək yetərlidir. Əlini kürəyinə vurmaq nəyə desən dəyər…

Qeyd edək ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanmış qazilərə diqqət göstərmək, onların ailələrinə baş çəkmək, qayğıları ilə maraqlanmaq Tovuzda sanki bir ənənə şəklini alıb. Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun operativ müşavirələrin birində aparat işçilərinə dediyi “heç nə almasan da olar, amma gedib könlünü almağın yetər” deməsi sanki şəhid ailələrinə və qazilərə olan diqqəti bir qədər də artırıb. Elə rayon rəhbərinin Düz Cırdaxan kəndində qazi Vüsal Musayevin ailəsinə baş çəkərkən də bu hisslər bir daha yaşandı. Vüsal keçdiyi döyüş yolundan, ordumuzun hünərindən, vətənpərvərlik ruhundan, Ali Baş Komandana olan sonsuz inamdan söz saldı, sağlamlığını itirmiş döyüşçülərə göstərilən dövlət qayğısından ağızdolusu danışdı, razılığını bildirdi.

M.Məmmədov torpaqlarımızın məhz igid əsgər və zabitlərimizin göstərdiyi şücaət nəticəsində azadlığa qovuşduğunu qeyd etdi. Dedi ki, sinəndə gəzdirdiyin “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları sənə halaldır.

Hər küçə, hər dalan nümunəvi olmalıdır

Rayonda aparılan abadlıq-quruculuq işlərinin hər birinin gedişi ilə yerində tanış olmaq, nəzarət etmək və eyni zamanda, lazımi kömək göstərmək yaxşı səmərə verir. Nəticədə Tovuz günü-gündən gözəlləşir, inkişaf edir.

Rayon icra hakimiyyətinin başçısı Tovuz şəhərinin Bəhram Əsgərov və Mərdan Musayev küçələrində aparılan abadlıq və quruculuq işləri ilə bir daha yerində tanış olarkən məlum oldu ki, işlərin yekunlaşması üçün müəyyən çətinliklər yaranıb. Qaldırılan məsələ rayon rəhbərinin köməyi ilə yerindəcə həll olundu. Küçədə və burada yerləşən parkda işlər artıq yekunlaşmaq üzrədir. Divarlarda rənglənmə işləri aparılmış və müasir işıqlandırma sistemi quraşdırılmışdır. B.Əsgərov küçəsində yerləşən ümumi sahəsi 2280 kvadratmetr olan ərazidə ağaclar əkilmiş, abadlıq işləri görülmüşdür.

Mərdan Musayev küçəsi də öz görkəmini dəyişir. Küçədəki “Kəhriz” kompleksi uzun müddət təmir-bərpa işləri aparılmadığından yararsız vəziyyətə düşmüşdü. İndi burada fəvvarə quraşdırılmış, işıqlandırma sistemi yaradılmışdır. Səkilər bərpa olunmuş, asfaltlanmış və divarlar qaya daşları ilə üzlənməşdir.

Karantin rejimi tədbirləri ciddiləşdirilməlidir

RİH yanında fəaliyyət göstərən operativ qərargahın videomüşavirə formatında növbəti iclası keçirilmişdir. Rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin də iştirak etdiyi tədbirdə Məmməd Məmmədov xüsusi karantin rejimi qaydalarına nəzarətin gücləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd etmişdir ki, son günlər ölkə ərazisində, həm də Tovuz rayonunda COVID-19 infeksiyasına yoluxmanın sayının artması müşahidə olunur. Bu hal infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin daha da ciddiləşdirilməsini zəruri edir. Ona görə də rayon ərazisində sanitariya qaydalarına sözsüz əməl olunmalı, bu işə nəzarət gücləndirilməli, xüsusi karantin rejimi qaydaları tam məsuliyyətlə yerinə yetirilməlidir. İnzibati ərazi dairələri üzrə nümayəndələr öz fəaliyyətlərini rayon polis şöbəsinin sahə müvəkkilləri ilə qarşılıqlı şəkildə qurmalı, ehtiyac yarandıqda RİH başçısı aparatını məlumatlandırmalıdırlar.

Əhalinin yaş qruplarına uyğun olaraq vaksinasiyasının təşkili işləri də yaxşılaşdırılmalı, bu sahədə əhalinin maarifləndirilməsinə və vaxt itirmədən insanların peyvənd olunmasına çalışmaq lazımdır.

Yerlərdə xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə RİH başçısının birinci müavini Rəşad Zeynalov məlumat vermişdir.

Videomüşavirə dialoq şəklində davam etdirilmişdir.

RİH başçısının Qovlar şəhər, Aşağı Quşçu, Alakol və Qaraxanlı kənd İƏD üzrə nümayəndələri yerlərdə xüsusi karantin rejimi qaydalarının icrası vəziyyəti ilə bağlı məlumat vermiş, onlara ünvanlanan sualları cavablandırmışlar.

Hamlet QASIMOV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 34
  • 17
  • 14,718
  • 40,298
ILK-10 Azeri Website Directory