Hicran Hüseynova: Ermənilər öz mənfur xislətlərindən əl çəkməyiblər

Bu günlərdə “Mezzo TV” kanalında Amadeus Mozartın “Titusun mərhəməti” operasının nümayişi keçirildi. Tamaşa Cenevrədəki Böyük Opera Evində səhnəyə qoyuldu. Əsər avanqard tərzdə ifa edilmiş və müasir sivilizasiya tarixindəki hərbi qarşıdurmaların tənqidinə və qınanılmasına həsr olunmuşdu. İkinci aktın əvvəlində səhnəyə Areg Sultanyan çıxaraq, erməni dilində beynəlxalq səviyyədə tanınmış ərazilərini azad etmək üçün Azərbaycanın həyata keçirdiyi 44 günlük əməliyyat zamanı xalqına qarşı “soyqırımı törədildiyini” bildirdi və bunu səhnələşdirilmiş bir variantda tamaşaçılara təqdim etdi. Qeyd edək ki, bu tamaşanın rejissoru, Rusiyaya girişi qadağan edilən şok və təxribat xarakterli əsərləri ilə tanınan İsveçrəli Milo Raudur. Layihənin musiqi direktoru dirijoru Maksim Emelyanıçevdir.

Bu, bir daha göstərir ki, ermənilər öz mənfur xislətlərindən əl çəkməyiblər, hələ də azərbaycanofobiya, islamofobiya təbliğatı aparırlar, bütün fürsətlərdən istifadə edərək özlərini “yazıq”, “zavallı” kimi qələmə verməyə və bununla da beynəlxalq ictimaiyyəti çaşdırmağa can atırlar.

Bu fikirləri Azərtaca-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, professor Hicran Hüseynova deyib.

O bildirib ki, Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazimiz işğal edilib. 2,5 milyon azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olub. “Biz bir xalq olaraq hər zaman sülhün tərəfdarıyıq! Azərbaycanın bütün vətəndaşları həmişə sülh istəyir. Çünki şəhid verən, düşmən tərəfindən qəddarlıq görən, öz doğma evindən, yurdundan məcburi şəkildə qovulan, erməni hərbçiləri tərəfindən işgəncəyə məruz qalan bu insanlar sülhün nə qədər vacib olduğunu anlayır. Ötən uzun müddətdə aparılan danışıqlara çox böyük ümid bəsləsək də, artıq, qarşı tərəfin bu fikirdən uzaq olduğunu və beynəlxalq aləmin bu məsələyə bitərəf münasibəti bir daha təsdiq etdi ki, Azərbaycan öz problemini özü həll etməlidir”, – deyən H.Hüseynova bildirib ki, davamlı olaraq sülh prosesinə maneə yaradan, eyni zamanda, yeni ərazilər işğal etmək istəyində olduğunu açıq şəkildə bəyan edən Ermənistan ötən bu illər ərzində, həmçinin Vətən müharibəsi zamanı mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmuşdur. Nəticədə onlarla insan, o cümlədən, uşaq və qadın həlak olub, yüzlərlə insan isə yaralanıb. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu hərbi əməliyyat zamanı bütün beynəlxalq hüquqa, norma və prinsiplərə uyğun davranıb. Heç bir halda mülki əhaliyə ziyan dəyməyib. Ermənistan isə döyüş meydanından uzaq məsafədə yerləşən şəhər və rayonlarda mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücumlar edib. Bu, barbarlıq və vandalizmdir. Nəticədə 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 414 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistanın bu cinayətkar hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Qeyd olunub ki, Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini məhv etmək və talamaqla məşğuldur. İşğal olunmuş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb. Kəlbəcər rayonunun işğalından sonra tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasına daxil olan nadir qızıl və gümüş əşyalar, ötən əsrlərdə toxunmuş xalçalar talan olunaraq Ermənistana daşınıb.

Hicran Hüseynova vurğulayıb ki, Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə, humanist davranaraq mülki vətəndaşlara zərər yetirmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Onların bir çoxu isə ermənilərin özləri tərəfindən atılmış insanlar idi.

Milli Məclisin deputatı deyib: “2020-ci noyabrın 10-da kapitulyasiya aktına imza atan Ermənistan öz vətəndaşlarını işğal etdikləri ərazidən çıxaran zaman Azərbaycan növbəti dəfə humanistliyini göstərdi. Ermənilərin rahat şəkildə köçməsi üçün bütün imkanlar yaradıldı. Ancaq onlar yaşadıqları evləri yandırır, ev heyvanlarını öldürür, ətrafda olan ağacları kəsir, yandırırdılar. Kəlbəcərdən çıxan ermənilər kiçik bir azyaşlı uşağı baxımsız halda qoyub getmişdilər. Azərbaycan əsgəri bu uşağa yemək, su verib, onu qayğı ilə himayə edib. Lakin 1993-cu ildə erməni terrorçuları azərbaycanlıları zorla Kəlbəcərdən çıxaranda nə qədər uşaq soyuqdan dondu, erməni hərbçiləri tərəfindən amansızcasına qətlə yetirildi, əsir götürülərək, işgəncələrə məruz qaldı. Budur fərq! Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe nümayiş etdirib və beynəlxalq hüququn tərəfdarı olub. Ölkəmizdə insanlar arasında sülhün, mehribançılığın, tolerantlığın hökm sürməsi bütün dünya üçün bir nümunədir. Hazırda təkcə, Bakı şəhərində 30 min erməni sülh və əmin-amanlıq şəraitində yaşayır. 30 ildə beynəlxalq təşkilatlara müraciət edirdik, BMT, ATƏT işğala məruz qaldığımızı, ermənilər tərəfindən, vətəndaşlarımıza qarşı soyqırımı törədildiyini bildirəndə, onlar bizi vəziyyətlə barışmağa, reallığı qəbul etməyə çağırırdılar. İndi də bu təşkilatlar və dövlətlər ermənilərə deməlidirlər ki, məsələ həll olunub, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və siz vəziyyətlə barışmalısınız. Qarabağda yaşayan ermənilər erməni əslli Azərbaycan vətəndaşlarıdır. Biz ermənilər tərəfindən törədilən Qaradağlı, Balliqaya, Ağdaban, Xocalı soyqırımlarını, bütövlükdə erməni faşizminin Qarabağda həyata keçirdiyi vandalizmi unutmamalıyıq. Ancaq eyni zamanda, gələcəyə baxırıq. Regionda davamlı sülh üçün əməkdaşlığa cəhd etməliyik. Ancaq biz yenə də riyakarlıqla üz-üzəyik. 30 ilə yaxın bir müddətdə Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 1 milyondan çox mina basdırılıb. Baxmayaraq ki, Ermənistanda minalanmış ərazilərin xəritələri var, ancaq, onu Azərbaycana vermir. Müharibə bitəndən sonra bizim hərbçilərdən başqa, təkcə mülki şəxslər arasında 200-ə qədər itkimiz var, onların arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var. Bu isə daha bir müharibə cinayətidir”.

Vurğulanıb ki, ona görə də bütün dövlətlərdən istəyimiz məsələyə ədalətli yanaşma sərgiləmələri, heç bir maraq güdmədən, sadəcə, həqiqəti təşviq etmələridir.

Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi zamanı İsveçrə məsələyə neytral münasibət göstərmişdir. Lakin müharibədən və regionda yaranmış yeni reallıqdan sonra heç bir fakta əsaslanmayan, yalnız erməni təxəyyülünün uydurmasına söykənən belə halların baş verməsi son dərəcə narahatedicidir. Bu nəticə olaraq, faşizm, terrorçuluq ideologiyasına dəstək kimi qiymətləndirilə bilər və həmin dövlətlərin nüfuzuna xələl gətirə bilər. Xüsusilə də belə təxribatların mədəniyyət ocaqlarında baş tutması isə daha təhlükəlidir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 41
  • 20
  • 14,725
  • 40,305
ILK-10 Azeri Website Directory