Qazax: Atasız böyümüşdü…

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış “Qanları ilə dastan yazanlar” kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlu haqqında yazılmış “Atasız böyümüşdü…” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik…

Atasız böyümüşdü…

İnsan dünyaya gələndə bəzən həyat ona qarşı amansız olur, yenicə boy atan fidanın qol-budaqlarını qırır, ömür yolunun ilk başlanğıcında onu tək qoyur. Orucov Elşən Ehtiram oğluna da belə bir ömür qismət olmuş, lap körpə çağlarından həyat ona sərt üzünü göstərmişdi. 1991-ci il 6 avqust tarixində Qazax rayonunun Xanlıqlar kəndində dünyaya gələndən sonra atası erkən həyatdan köçmüş, Elşən 3 yaşından yetim qalmışdı. Atasının yerini də anası Dürdanə xanım əvəz eləmiş, ona həm ata, həm də ana olmuşdu. Bacıları Bənövşə, Hamayıl Elşənə mənəvi cəhətdən arxa-dayaq idilər.
Elşən Orucov 1997-ci ildən oxuduğu Xanlıqlar kənd tam orta məktəbində müəllimlərinin sevimlisi olmuş, tərbiyə və təhsili ilə yaşıdlarından fərqlənmişdir. 2008-ci ildə Elşən orta məktəbdə təhsilini başa vurduqdan sonra hələ özünə bir yol seçməmiş, hansı yol ilə gedəcəyinə bir qərar verməmişdi. 2009-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2011-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur.
Hərbi xidmət Elşənin həyatını kökündən dəyişdirdi. Əsgərlikdə hərbi sahə onu özünə cəlb elədi, həyatını bu istiqamətə yönəltdi. Ona görə də əsgərlik xidmətini başa vurduqdan bir neçə ay sonra Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başladı.
Elşən Orucov hərb sahəsinə gəldiyi ilk gündən nümunəvi xidmət göstərmiş, ona görə də xidmətə başladığı vaxtdan iki il keçməmiş (24.06.2013) “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif olunmuşdur. 26 iyun 2018-ci il isə sinəsinə “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalı taxılmışdır. Bu təltiflərə Elşən Orucov qüsursuz xidməti, nümunəvi olması və verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi sayəsində layiq görülmüşdür.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlayandan bir il sonra Tülzala Yusubova ilə ailə həyatı qurmuş, bu nigahdan oğlu Ehtiram və qızı Ayla dünyaya gəlmişdir. Elşən Orucov hər zaman övladlarının yanında ola bilmədiyi üçün hər dəfə balalarını bağrına basır, sanki onlarla nəfəs alırdı. Həyat yoldaşı deyir ki, atasız böyüdüyü üçün özü görmədiklərini övladları üçün etməyə çalışırdı. Amma atalar doğru deyib: “Sən saydığını say, gör fələk nə sayır”.
Elşən Orucov Bakıda hərbi hissələrin birində xidmət edirdi. Sentyabrın 27-də evə gəldi. Ailəsi ilə görüşüb müharibəyə yola düşdü. İnsan bilmir ki, kiminlə nə vaxt və harada sonuncu dəfə görüşəcək. Bu görüş də onların axırıncı görüşü olur.
Bir neçə gündən sonra Elşən Orucovun sədası Füzulidən gəldi. Tankda mexanik sürücü idi. Döyüş meydanında idarə etdiyi hərbi texnikanı düz səngərin üstünə sürür, lazım gələndə sərrast atəş açır, düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək sıradan çıxarırdı. Əsl igidlik göstərir, əsgərlərimiz bayraqları yeni-yeni yüksəkliklərə, rayon və şəhərlərə sancdıqca əhval-ruhiyyəsi daha da artırdı. 
Hər dəfə ailəsinə zəng edib danışanda ailəsinin “Özünü qoru” sözünə cavab olaraq, “Narahat olmayın, mən yetiməm, ona görə də Allah məni qoruyur”, – deyirdi.
Amma çox təəssüf ki, Tanrı onu müharibənin axırına qədər qoruya bilmədi. Elşən Orucov 4 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid oldu. Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.  
Şəhid Elşən Orucov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” və 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bu gün Elşən Orucov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, bu torpağın hər bir vətəndaşı onunla qürur duyur. Ruhun şad, məkanın cənnət olsun, igid Vətən oğlu!

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 12,992
  • 87
  • 20,369
  • 34,293
ILK-10 Azeri Website Directory