Paşinyan ona qarşı çıxan generalları sıradan çıxarmağa başladı

Növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda iqtidar və müxalifətin biri-birinə qarşı hücumlarının daha radikal xarakter alması müşahidə edilir. “İravnuk” qəzeti yazır ki, Nikol Paşinyan rəqiblərinin mövqeyini sarsıtmaq üçün yeni taktikadan istifadə etməyə başlayıb. Belə ki, Ermənistanda 44 günlük müharibə zamanı məğlubiyyətin səbəbləri ilə bağlı hər şeyi generalların və hərbçilərin üzərinə ataraq Paşinyanın günahını yumşaltmağa başlayıblar.

Bildirilir ki, bəzi siyasi partiya rəhbərləri də Paşinyanın reytinqini az-çox yaxşılaşdırmaq işinə boyunduruq olublar: “Keçmişdə onlar kəskin danışırdılarsa və kapitulyasiya imzalamış Paşinyanı qınayırdılarsa, bu gün əks mənzərə var. Onlar “Paşinyan o qədər də günahkar deyil, generallar və hərbçilər ölkəni bu vəziyyətə saldılar” deyərək Paşinyanın günahını yumşaltmağa başlayıblar”.

Bu ərəfədə Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı irəli sürülən ittihamları yenidən təsnif edib. Hazırda Arutyunyan Ermənistan Cinayət Məcəlləsinin 309-cu maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaq) ilə ittiham olunur. Bundan əvvəl ona Cinayət Məcəlləsinin 300.1-ci maddəsi (konstitusiya quruluşunun devrilməsi) ilə ittiham irəli sürülmüşdü.

Bu günlərdə isə Ermənistan prezidenti Armen Sarkisyan baş qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı vəzifəsindən azad edib. O, Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarılıb. Abramyan 2020-ci ilin fevralına qədər qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” olub. Həmin ilin iyununda Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin müavini təyin edilib. Lakin Paşinyan idarəçiliyinə qarşı çıxanlar sırasında yer alıb. Paşinyana qarşı çıxan digər generallara qarşı da müxtəlif ittihamlar irəli sürülür.

Müxalifət bildirir ki, Paşinyan inzibati yollarla ona qarşı çıxanları neytrallaşdırmağa çalışır. Paşinyan keçmiş hərbi xuntanı da sərt tənqid hədəfinə çevirib. O bildirir ki, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan  və Serj Sarkisyan öz şəxsi mənafeləri naminə Qarabağı satıblar: “Robert Koçaryan və Serj Sarkisyan, siz vətən xainisiz! Biz sizin satqınlığınızla mübarizə apardıq. Siz hətta müharibə zamanı da satqınlığınızı davam etdirdiniz”. Paşinyan Koçaryan  və Sarkisyanı həmçinin ordunu müharibəyə hazırlamamaqda ittiham edib. 

Belə bir vaxtda məlum olub ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan  Koçaryan və Sarkisyanı qarşıdan gələn seçkidə “Milli barışıq alyansı” bloku adı altında birgə iştirak etməyə dəvət edib.

Ter-Petrosyan bu barədə özünün “ilur.am” saytında dərc etdirdiyi məqaləsində yazıb ki, o, hələ martın 25-də “Ermənistan və Dağlıq Qarabağın keçmiş prezidentlərinin” onun təşəbbüsü ilə keçirilən görüşündə  Koçaryana və  Sarkisyana bu barədə rəsmən müraciət edib. Amma Robert Koçaryan təklifdən dərhal imtina edib. O deyib ki, bu təşəbbüsə qoşulsa, özünün yaratdığı “Ermənistanın xilası” hərəkatına xəyanət etmiş olar. Serj Sarkisyana gəlincə isə o, Ter-Petrosyanın sözlərinə görə bu barədə öz rəyini bildirməyib. Bununla belə Serj Sarkisyanın ofisindən Ter-Petrosyanın belə bir məqaləni görüşün başqa iştirakçılarını xəbərdar etmədən dərc olunmasına təəccübləndiklərini bildiriblər.

Levon Ter-Petrosyanın təşəbbüsünə N.Paşinyan da münasibət bildirib. Parlamentdə keçirilən hökumət saatında öz komanda üzvlərinin suallarına cavab verən Paşinyan keçmiş prezidentin təklifini “bandokratik inqilab” adlandırıb: “Özünün müxalif siyasi fəaliyyəti zamanı Levon Ter-Petrosyan, ifadəli demək mümkündürsə, iki dəfə hakimiyyət dəyişikliyi və ya inqilab etməyə cəhd göstərib. Birincisi 2008-ci ilin xalq və ya demokratik inqilabı idi və bizə məlum və bəlkə də naməlum səbəblərdən alınmayıb. İkincisi isə burjua-demokratik inqilabı idi və onun da taleyi hamıya məlumdur. Görünür, cənab Ter-Petrosyan bir də cəhd göstərmək və bu dəfə “bandokratik inqilab” etmək fikrinə düşüb. Bunu izah etmək üçün bir-iki başqa ifadə də var, amma onları vəzifəmə görə səsləndirə bilmirəm”.

Paşinyan deyib ki, bütün bu müddət ərzində Ter-Petrosyanın bacardığı yeganə iş Koçaryan və Sarkisyanı hakimiyyətə gətirmək olub.  İndi isə görünən budur ki, seçkilər ərəfəsində müxalifət birləşə bilmir. Bu da Paşinyan və komandasının qələbə şanslarının artmasına xidmət edir.

Elçin CƏFƏROV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 5
  • 3
  • 14,689
  • 40,269
ILK-10 Azeri Website Directory