Qarabağ sürətlə dirçəlir

Prezidentin müəllifliyi ilə işğaldan azad edilmiş bütün ərazilərimiz ən yüksək səviyyədə bərpa olunacaq

İşğaldan azad olunmuş bütün ərazilərimizdə böyük qələbənin təntənəsi yaşanmaqdadır. Düşmən tapdağından xilas olunub rahat nəfəs alan torpaqlarımızda başlanan quruculuq işləri gündən-günə sürətlənir, yeni layihələrin icrasına başlanılır.

Azərbaycan dövləti bu əraziləri bərpa edir, ona ikinci həyat bəxş edir. Görünən odur ki, Qarabağa qayıdış proqramı ən qısa müddətdə icra olunacaq.

Ermənipərəst dairələrin yeni reallıqları qəbul etməkdən başqa yolu yoxdur

Ötən ilin sentyabrına qədər Azərbaycanın yeganə ağrılı problemi ərazilərinin işğal altında olması idi. Amma xalqımız əmin idi və inanırdı ki, torpaqlarımız günlərin birində azad olunacaq və beləliklə, biz Qarabağa  qayıdacağıq. Ümidlərimizi yaşadan və Qarabağa qayıdış inamını hər gün daha da artıran isə Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət idi. İlham Əliyev hər zaman bəyan edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, üçrəngli bayrağımız Qarabağda dalğalanacaq, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. İlham Əliyev hər zaman böyük qətiyyətlə, əminliklə və inamla bəyan edirdi ki, sülh danışıqları nəticəsiz qalacağı tədqirdə ordumuz öz sözünü deyəcək. Və hər şey İlham Əliyevin dediyi kimi də oldu. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu öz sözünü dedi, Ermənistan güc yolu ilə torpaqlarımızdan qovuldu, ərazilərimizdə ikinci erməni dövləti yaratmaq kimi cəfəng xülyaya birdəfəlik son qoyuldu.

Torpaqlarımızı azad etməklə İlham Əliyev Azərbaycan xalqı qarşısında ən böyük və şərəfli missiyasını yerinə yetirdi.

Vətən müharibəsindəki Qələbə ilə İlham Əliyev həm də növbəti, eyni zamanda tarixi vədinə sadiq oldu. Artıq Dağlıq Qarabağ münaqişəsi deyilən bir anlayış yoxdur. Müharibədən sonra Ermənistanın məğlubiyyətini həzm edə, Azərbaycanın qələbəsi ilə razılaşa bilməyən bəzi dövlətlərin, siyasi mərkəzlərin fikirləri, mövqeləri isə bizim üçün əhəmiyyətsizdir.  Prezident İlham Əliyevin Ağdamda dediyi kimi: “İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr, – altı ay artıq keçibdir, – bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir”.

Ermənipərəst dairələrin Azərbaycanın qələbəsini, regionda yaranmış yeni reallıqları qəbul etməkdən başqa yolları yoxdur. Bu reallığın müəllifi isə Prezident İlham Əliyevdir. İlham Əliyev işğalçı Ermənistanı və dünya erməniliyini cəzalandırdı, onlara öz yerlərini göstərdi. Yaxın vaxtlarda isə Zəngəzur dəhlizinin açılması ilə erməni təəssübkeşləri bir daha Azərbaycanın qalib dövlət kimi qüdrətli mövqeyinin şahidi olacaqlar.

İşğaldan azad olunmuş yaşayış məntəqələrinin bərpasına başlanılıb

Artıq Qarabağ münaqişəsinə son qoyulub. Bu mənada əgər ötən ilin sentyabr ayına qədər dövlətimizin ən əsas məqsədi torpaqlarımızın işğaldan azad olunması idisə, indi milli prioritet işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpasıdır.

Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər isə kifayət qədər çoxşaxəlidir. Bu tədbirlərə hələ müharibənin davam etdiyi günlərdən başlanılıb. Məlum olduğu kimi, Suqovuşana yeni yolun çəkilişinə başlananda Azərbaycan Ordusunun hücum əməliyyatları davam edirdi.

Hazırda  bütün azad olunmuş torpaqlarda genişmiqyaslı tikinti-quraşdırma işləri, xüsusilə yol, dəmiryol infrastrukturlarının, o cümlədən hava limanının tikintisi davam edir. Qarabağda inşa olunan yeni yollar bölgənin yenidən qurulması istiqamətində atılan addımların tərkib hissəsi olmaqla yanaşı, həm də Zəngəzur dəhlizinin yaradılmasına xidmət edir.

İşğaldan azad olunmuş rayonlarda artıq yaşayış yerlərinin bərpasına başlanılıb. Aprel ayında Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Bu səfər zamanı həm də Ağdamda azad edilmiş torpaqlarda quruculuq və bərpanın ilk baş planı təsdiq olunub.

Şuşa şəhərində də geniş bərpa işlərinə start verilib. İşğalçıların dağıtdıqları, erməniləşdirilməsinə cəhd göstərdikləri bütün mədəni-mənəvi və tarixi abidərəimiz bərpa olunur.

Prezident İlham Əliyevin mayın 28-də – Respublika Günündə Ağdam rayonuna səfəri də işğaldan azad edilmiş rayonların bərpasına xidmət edən yeni layihələrə start verilməsi baxımından olduqca əlamətdar idi. Dövlət başçısının iştirakı ilə təməli qoyulan Bərdə-Ağdam avtomobil yolu Qarabağa qayıdışa, azad edilmiş ərazilərin dirçəlişinə xidmət edən mühüm layihədir. Ağdamda həm də işğaldan azad edilmiş ərazilər üzrə ilk Baş Plan təsdiq olundu. “Bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. İndi Şuşa şəhərinin Baş Planı hazırlanır, artıq bir müddətdən sonra təsdiqlənəcək. Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin baş planları üzrə iş gedir”.

Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, 1 saylı məktəbin təməli qoyuldu. Yaxın gələcəkdə isə azad edilmiş digər rayon mərkəzlərinin yenidən qurulması prosesinə start veriləcək. Ermənilərin dağıtdığı bütün yaşayış məntəqələrinin hamısı yenidən inşa olunacaq.

 Beləliklə, İlham Əliyev Qarabağa yeni həyat bəxş edir. Prezidentin müəllifliyi ilə Qarabağ sürətlə dirçəlir. Tezliklə işğaldan azad edilmiş bütün ərazilərimiz ən yüksək səviyyədə yenidən qurulacaq. Bunu görülən işlər təsdiqləyir.

Rəşad CƏFƏRLİ

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 8
  • 5
  • 14,692
  • 40,272
ILK-10 Azeri Website Directory