Şuşa dünyanın mədəniyyət incisinə çevrilir

Əkib-becərək ki, qoruyaq

Bir il əvvəl kimsə desəydi ki, gələn il Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunacaq və Milli Məclis Şuşa şəhəri haqqında qanun qəbul edəcək, adama yuxu kimi gələrdi. İndi bu, yuxu deyil, reallıqdır – Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Dövlət qoruğu

15 maddədən ibarət qanuna görə Şuşa şəhəri dövlət qoruğu olacaq. Yalnız bu deyil, Şuşanın ətrafına qanunla qorunma səddi çəkilir. Tarixboyu başı bəlalar çəkmiş Şuşa şəhəri tam müdafiəyə alınır – həm ordumuz, həm də qanunlarımız vasitəsilə.  

Bu qanun Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Şuşa Azərbaycan şəhəri kimi bərpa edilir, yenidən qurulur, mühafizəsi təşkil edilir. Şuşa turizm və mədəniyyət şəhəri kimi yalnız azərbaycanlılara deyil, bütün dünyadan təşrif gətirən turistlərə də açıq olacaq. Bunun üçün tarixi şəhər ilk növbədə qorunmalıdır.

Şəhərin inzibati sərhədləri daxilində Şuşa Şəhər Dövlət Qoruğu yaradılır. Şuşa şəhərinin inzibati sərhədlərinə daxil olan bütün torpaqlar həmin qoruğun ərazisidir. 

Qanun  şəhərin bərpa olunması, yenidən qurulması ilə yanaşı, Şuşanın mədəni irsinin tədqiqini də özündə ehtiva edir. Həmçinin şəhərin yenidən qurulması ilə iş bitmir, onun inkişafı üçün də tədbirlər görülməsi qanunda əksini tapıb. Bunlardan sonra  Şuşa şəhərinin təbliği istiqamətində növbəti addımların atılacağı nəzərdə tutulub.

Bunlar Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətləridir. Şuşanın bərpa olunacaq tarixi və mədəniyyət abidələri, bəzi obyektləri toxunulmazlıq statusunda olacaq.  Bu o demək deyil ki, onlardan Şuşa əhli istifadə etməyəcək, istifadə olunacaq, yalnız məqsədyönlü şəkildə.

Heç bir fəaliyyət növü şəhərin tarixiliyinə və ruhuna xələl gətirməməlidir

Şəhər həyatında, bütün sahələrdə innovativ həllərdən istifadəyə şərait yaradılacaq.  Qanunda Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət potensialından tam yararlanmaq üçün əlverişli şəraitin yaradılması da nəzərdə tutulub. Sahibkarlar fəaliyyətlərini bu yöndə qurmalıdırlar, amma Şuşanın tarixiliyini, ruhunu pozmamaq şərtilə. Məsələn, Şuşa şəhərinin ərazisində elmi-tədqiqat, ənənəvi sənətkarlıq və digər məşğuliyyət növlərinin inkişaf və nümayiş etdirilməsi üçün tədbirlər görülməlidir. Mədəniyyət paytaxtı kimi fəaliyyətini və xidmətlərini artırmaq nəzərdə tutulub. Bura  beynəlxalq mədəni əlaqələri inkişaf etdirmək, şəhərin dünya tarixi-mədəni irsinin incilərindən biri kimi nüfuzunu qaldırmaq yönündə işlər də daxildir. Qanunla Şuşa şəhərinin ərazisində onun tarixi, mədəni, elmi, estetik dəyərlərinə xələl gətirən, abidələrə və ya təbii landşafta, ekoloji mühitə təhlükə yarada bilən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq qadağandır.

Bütün Azərbaycan ərazisində olduğu kimi, Şuşa şəhərinin də nizamı hüquqla tənzimlənir. O cümlədən şəhərdə turizm fəaliyyəti, yerli və beynəlxalq tədbirlərin keçirilməsi, reklam işi və sair.

Bütün bunların həyata keçirilməsi zamanı və ümumiyyətlə, şəhərdə abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qanunla qadağandır. 

Müəyyən edilmiş qurumun icazəsi olmadan Şuşada abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması yolverilməzdi. Bunlar hər zaman nəzarətdə saxlanılacaq. Bu işlərin gedişində aşkar edilən arxeoloji materiallar dövlət mülkiyyəti hesab olunur.

Şuşa şəhərinin ərazisində “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə icazə yoxdur. Şuşadakı abidələri dövlətin icazəsi olmadan kimsə rekonstruksiya edə bilməz. Bunu yalnız dövlət qurumu müəyyən edə bilər.

Reklamda müəyyən qadağalar olacaq

Şuşada ekoloji mühitin saxlanılması ilə bağlı müddəalar da qanunda yer alıb. Şəhərdə tikinti aparılması onun baş planına və memarlıq üslubuna uyğun həyata keçiriləcək.

Şuşa həm də turizm obyektidir. Şəhərin ərazisində abidələrə xələl gətirmədən turizm (rekreasiya) infrastrukturunun yaradılması təmin edilir. Şəhərdə  maddi və qeyri-maddi mədəni irsin qorunmasına və təbliğinə dair məlumat mərkəzləri qanunla yaradılacaq.

Şəhərdə reklam fəaliyyətinə müəyyən qadağalar var. Məsələn, abidələrin üstündə, onların mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağandır. Burada əsas üstünlük onun mədəniyyət paytaxtı kimi təşviq edilməsinə aid reklamların yerləşdirilməsinə veriləcək.

Şəhərdə ekoloji təmiz nəqliyyat işləyəcək

Şuşada yalnız ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə etməyə üstünlük verilir. Əgər hər hansı nəqliyyat vasitəsi şəhərin abidələr olan hissəsində onlara təhlükə yaradarsa, istifadəsi qadağan edilə bilər.

Qanun Milli Məclisdə qəbul edilib. Qanunda əksini tapan müddəalardan hər hansı birinin pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar  və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

İşğaldan azad etmək işin başlanğıcıdır, əsas işlər qarşıdadır. Dədə Qorqud demişkən: “torpağı qorumasan əkib-becərməyə, əkib-becərməsən qorumağa dəyməz”.

Qanunlarımızı özümüz pozmayaq ki, qonşular və kənardan gələnlər də buna cəsarət etməsinlər.  Evimiz yalnız yaşadığımız ev deyil, həm də o evin yerləşdiyi ərazi, o ərazinin olduğu ölkədir. Azərbaycan evimizdir, onu həm qanunun gücü ilə, həm də mənəvi məsuliyyətlə qoruyaq ki, çiyinlərimizdən gələcək nəsillərə ötürdüyümüz Vətən bütöv olsun.

Ramilə QURBANLI

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 10
  • 6
  • 14,694
  • 40,274
ILK-10 Azeri Website Directory