Sahil Babayev Beynəlxalq Əmək Təşkilatının 109-cu sessiyasında çıxış edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) videoformatda keçirilən 109-cu sessiyasında çıxış edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazir COVID-19 pandemiyasının dünya ölkələrinin səhiyyə sistemlərinə və iqtisadiyyatına, əmək bazarına, məşğulluq sahələrinə, xüsusilə sosial cəhətdən həssas qruplarına təsirlərini qeyd edib. O, mövcud vəziyyətdə bərpa və davamlı inkişaf üçün daha güclü birliyin vacibliyini diqqətə çatdırıb.

S.Babayev Azərbaycan hökumətinin pandemiyanın ilk günlərindən COVID-19-la mübarizə və özəl sektorun dəstəklənməsi, həmçinin makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində lazımi addımları atdığını vurğulayıb. Respublika əhalisinin demək olar yarısını əhatə edən, 3,5 milyard manat dəyərində hərtərəfli sosial-iqtisadi paketin reallaşdırıldığını deyib. Ölkəmizdə peyvənd kampaniyası çərçivəsində artıq 2,5 milyondan çox peyvəndin istifadə olunduğunu diqqətə çatdırıb. Azərbaycanda yaradılmış DOST mərkəzləri, ilk proaktiv xidmət olaraq avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi, sosial sahədə qurulan e-xidmətlər barədə məlumat verib. Bu nailiyyətlərin sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və müasirləşdirilməsinə böyük töhfə verdiyini qeyd edib.

S.Babayev ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işçi qüvvəsinin bacarıqlarının əmək bazarına uyğunlaşdırılması, məşğulluq proqramlarının genişləndirilməsi, gender bərabərliyinin təmin edilməsi sahəsində aparılan işləri diqqətə çatdırıb. Ölkənin dövlət məşğulluq siyasətinin BƏT və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda həyata keçirildiyini bildirib. Azərbaycan hökuməti ilə BƏT arasında əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramının uğurlu icrasının inkişaf istiqamətində hədəflərimizin reallaşmasına töhfə verdiyini bildirib. Növbəti proqramın da əmək məsələlərinin həllində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Sahil Babayev erməni silahlı qüvvələrinin ötən il sentyabrın 27-də genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatları həyata keçirdiyini, ölkəmizin işğal olunmuş ərazilərini 44 günlük döyüşlərdə azad edərək möhtəşəm Zəfər qazandığını bildirib. “İndi ölkəmiz üçün ən vacib məsələ azad edilmiş ərazilərdə genişmiqyaslı iqtisadi inkişafın və həmin ərazilərin milli və regional iqtisadiyyata sürətli inteqrasiyasının təmin edilməsidir”, – deyə nazir qeyd edib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 15
  • 8
  • 14,699
  • 40,279
ILK-10 Azeri Website Directory