Söz qatilləri

O gün Sirac və Məhərrəmlə birlikdə Kəlbəcərə, Susuzluğa gedirdik…

Yaşıllığa bürünən dağların arası ilə qıvrıla-qıvrıla uzanan kələ-kötür yolda aram-aram irəliləyən nəhəng “Kamaz”ın pəncərəsindən sağa-sola baxırdıq…

Viranə evlər, sökülmüş yurdlar, dağılmış ocaqlar bir-bir köçürdü nəmli gözlərimizə…

Bir də… foto və kameraların yaddaşına…

Biz gedirdik…

Nə yaman uzanmışdı bu yol?..

Sanki əbədiyyətin özünə, sonsuzluğa gedirdi…

***

Aman Allah, qəfildən dağlar da, adda-budda bitən kollar, ağaclar da, lap uzaqdan görünən topa-topa çəhrayı buludlar da bir-birinə qarışdı, dünya qap-qara torpaq rənginə çevrildi…

Yavaş-yavaş qara torpaq qırmızı dona büründü…

Hər şey susdu, məkan itdi, zaman dayandı…

Yolun sonu gəldi, yol burada qırıldı, bitdi…

Yenidən, təkrar, bir daha həmin “Kamaz”a oturduq, yenə o yolla getdik və hər dəfəsində də yol qıvrıla-qıvrıla uzanan əfi ilana çevrilib o yerə çatanda bizi sancdı…

Hər dəfəsində də biz hamımız geri döndük, Siracla Məhərrəmsə orada qaldı…

O gün Kəlbəcərdə, Susuzluğa gedən yolda partlayan o xain bombanın qəlpələri ürəklərimizə xəncər kimi saplandı…

Bədənimizdə hələ də Vətən torpaqlarına can qorxusu ilə ayaq basmağın ürpərtisini hiss etdik, ağrısı iliklərimizə işlədi…

Bir anlıq o üç günahsızla bərabər öldük… dirildik…

Qələbədən sonra şəhid verməyin dözülməz ağrısını yaşadıq…

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevi, həmkarlarımızı, – AzTV telekanalının operatoru Sirac Abışovu, “AzƏrtac” xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimovu itirməyin qəhəri boğazımızı, acısı bağrımızı qovurdu…

Bəli, Siracla Məhərrəm hərbi müxbir idilər, amma daha müharibə getmirdi, axı…

Elə müharibənin özündə də Siracla, Məhərrəmin silahı sadəcə söz, sadəcə kamera idi…

Siracla, Məhərrəm bütün Azərbaycan xalqının gözü, sözü olmaq üçün yollanmışdı yaralı yurdlarımıza…

Namərd erməni torpaqlarımıza mina basdırıb deyə, hələlik biz didərgin salındığımız o yerlərə gedə bilmirik, amma onlar bizim əvəzimizə cəsarətlə yollanırdılar …Cəbrayıla, Füzuliyə, Ağdama, Laçına, Kəlbəcərə…

Heç olmazsa onların çəkdiyi kadrlardan təsəlli tapaq, Vətən sevdamızı dindirək deyə…

***

Bir də, dünya erməni vəhşiliyini öz gözləri ilə görsün, torpaqlarımızda tarixi, dini, mədəni abidələrimizə qarşı barbarlıqlara şahidlik etsin deyə, yollanmışdılar 30 illik əsirlikdən qurtarılan torpaqlarımıza…

Sirac da, Məhərrəm də yaxşı bilirdi ki, çıxdıqları bu yolda addımbaşı namərd düşmənin tələləri,  bombaları var…

Amma həqiqəti dünyaya car çəkmək, erməni faşizmini aləmə yaymaq kimi müqəddəs bir missiyanın ardınca getməyi, həm vəzifə, həm də vətəndaşlıq borcu bilərək bu qorxulu yoldan dönmədilər…

Qarış-qarış gəzdilər azad olunan torpaqlarımızı, zirvəsinin qarını, baharının gül-çiçəyini çəkib göstərdilər…

Ürəkağrısı ilə dağıdılan məscidlərimizdən, tarixi abidələrimizdən, talan olan yurdlarımızdan neçə-neçə süjetlər çəkdilər, reportajlar hazırladılar…     

Onlar öz doğma torpaqlarına ölməyə yox, hər zaman yaşamaq arxasınca getdilər…

***

Görmürsən, dünya…

Duymursan, dünya…

Dinmirsən, dünya…

Niyə nizamın əyilib?

Axı bizik əzəli torpaqlarından didərgin olan, bizik əsir düşən, bizik dözülməz işgəncələrə düçar olan, soyqırımlar yaşayan, qətllərlə üzləşən, terrora məruz qalan…

Bütün bu haqsızlıqlar qarşısında korsan, karsan, lalsan, dünya…

Amma daha yetər, dünya…

Sən susursan, biz susmayacağıq…

***

İnsanlığa, yaşama, təbiətə, sözə qənim kəsilən, cani erməni, haqqın, ədalətin qarşısında cavab verməli olacaqsan…

Məhdud, mənfur düşüncəli, erməni, elə bilirsən ki, Azərbaycan xalqının Vətən eşqini torpağa basdırdığın mina qorxusu ilə öldürə biləcəksən?!

Əlbət, o minalar bir-bir partlayacaq, nəhayətində tükənəcək, amma qəlblərimizdəki  Qarabağ sevgisi heç zaman tükənməyəcək, sonsuzadək sürəcək…

Erməni, bil, mina xəritəsini versən də, verməsən də biz o torpaqlara dönəcəyik…

Namərd tələlərin, pusquların birimizi şəhid etsə də, minimiz dirilib yenidən o torpaqlara qovuşmağa can atacağıq… 

Erməni faşizmini dünyaya tanıdacağıq, bu canilərin terror əməlləri barədə susmayacağıq, sözümüzü deyəcəyik, həqiqətləri göstərəcəyik…

Siracın, Məhərrəmin yarıda qırılan haqq yolunu davam etdirəcəyik…

Yasəmən MUSAYEVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 138
  • 22
  • 3,301
  • 65,041
ILK-10 Azeri Website Directory