Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi gücü

İlham Əliyev Azərbaycanın dövlət və milli maraqlarını inamla təmin edir

Ötən ilin 44 günlük Qarabağ müharibəsi Cənubi Qafqazla bağlı reallıqlara yenidən və həm də əyani şəkildə aydınlıq gətirdi. Belə ki, bu savaş və onun nəticəsi bütün dünyaya praktik şəkildə nümayiş etdirdi ki, Azərbaycan yerləşdiyi regionun siyasi, iqtisadi və hərbi gücüdür. Bu Qələbə Azərbaycanın Cənubi Qafqazda lider və aparıcı dövlət kimi statusunu daha da yüksəltdi. Bütövlükdə isə ərazi bütövlüyünü bərpa etməklə respublikamız beynəlxalq miqyasda  mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.

Qətiyyətin təcəssümü

Amma hələ müharibəyə qədər də Azərbaycanın Cənubi Qafqazdakı mövqeyi beynəlxalq ictimaiyyətə məlum idi. Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və son 18 ildə Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən siyasi kurs nəticəsi etibarilə respublikamızın bölgədəki dövlət və milli maraqlarını inamla təmin etmişdi.

Ondan başlayaq ki, Azərbaycan o dövlətdir ki, Xəzərin karbohidrogen ehtiyatlarını ilk dəfə alternativ yollarla dünya bazarlarına çıxarıb. Sürətlə dəyişən dünya nizamında, beynəlxalq münasibətlərdə güc amilinin özünü daha qabarıq büruzə verdiyi bir şəraitdə dünyanın enerji xəritəsinə ciddi dəyişikliklər edən neft-qaz kəmərlərinin çəkilməsi kifayət qədər çətin bir proses idi. Hazırda beynəlxalq aləmdə bu sahədə olan vəziyyət də deyilənləri təsdiq edir. Hansısa dövlətin istəyinə cavab verməməsi və ya ayrı-ayrı dövlətlərin toqquşan siyasi maraqları, beynəlxalq təşkilatların kredit ayırmaması indiyə kimi çoxlu sayda iqtisadi layihələrin ömrünü kağız üzərində yekunlaşdırıb. Amma Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və “Cənub qaz dəhlizi” kimi iri enerji layihələrini qətiyyətlə reallığa çevirə bilib. Dövlətimizin təşəbbüsü ilə çəkilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında nəqliyyat əlaqələrini daha çevik və səmərəli edib.

Bütün uğurların arxasında siyasi iradə dayanır

Əlbəttə, hər biri iqtisadi mahiyyət daşısa da, bu layihələrin həyata vəsiqə almasının arxasında siyasi iradə dayanır. Bu baxımdan sözügedən layihələrin reallaşması ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü siyasətin məzmunundan xəbər verir. Qətiyyətli və müstəqil siyasəti ilə İlham Əliyev Azərbaycanın dövlət və milli maraqlarını inamla təmin edir və qarşıya qoyulan hər vəzifə uğurla icra olunur.

Bu gün Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda hansısa layihənin icra olunması qeyri-mümkündür. Bütün beynəlxalq layihələrin reallaşmasında söz sahibi məhz ölkəmizdir. Vətən müharibəsindəki Qələbə isə Azərbaycanın dünya nizamında rolunu əhəmiyyətli dərəcədə artırıb.

Müstəqil siyasətin və qətiyyətin nəticəsidir ki, hələ 10 il əvvəl Azərbaycan 155 dövlətin dəstəyini qazanaraq 2 il müddətində BMT Təhlükəsizlik Şurasında təmsil olunmuşdu. Hazırda respublikamız BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Yüksək beynəxalq ehtiramın nəticəsidir ki, Azərbaycanın koronavirusa qarşı birgə mübarizə təşəbbüsləri güclü beynəlxalq dəstək qazanır.

Bu gün Azərbaycan Cənubi Qafqazdan beynəlxalq kosmik klubun üzvü olan yeganə dövlətdir. Orbitdə olan üç peykimiz respublikamıza iqtisadi mənfəət gətirməkdədir. Digər tərəfdən, kosmik kluba üzv olması Azərbaycanın regiondakı siyasi və iqtisadi qüdrətini şərtləndirən amillərdən biridir.

Azərbaycan Silahlı Qüvvələri işğalçını cəmi 44 günə darmadağın etdi

Cənubi Qafqazın hərbi gücünə gəldikdə isə, Azərbaycanın ən müasir döyüş imkanlarına malik olması illər öncədən məlum idi. Prezident İlham Əliyev respublikamıza rəhbərlik etdiyi ilk vaxtdan ordu quruculuğunu xüsusi diqqət mərkəzində saxladı. Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılması üçün ən müasir hərbi texnika qoşun növlərinin arsenalına daxil edildi. İlk dəfə hələ 2008-ci ildə keçirilən hərbi paradda yerli və beynəlxalq ictimaiyyət ordumuzun güclənən döyüş imkanları ilə tanış oldu.

Ordumuzun inkişafı və arsenalını gücləndirməsi hərbi sahə üzrə ixtisaslaşmış reytinq agentliklərinin də diqqətindən yayınmayıb. İndiyədək paradlarda nümayiş etdirilən hərbi texnikalar, düşmənə müasir döyüş imkanları ilə zərbələrin vurulması Silahlı Qüvvələrimizin ən güclülər sırasına daxil olmasının təsdiqidir.

Beynəlxalq münasibətlər sisteminin bugünkü mənzərəsi də göstərir ki, güc amili yaranan problemlərin həllində əsas rol oynayan vasitəyə çevrilib. Artıq elə bir dövrə gəlib çatmışıq beynəlxalq hüquq və onun prinsiplərinin toxunulmazlığı aktuallığını itirib. Elə Ermənistan da beynəlxalq hüququn norma və prinsiplərini tapdaladığı üçün Azərbaycan güc yolu ilə onu cəzalandırdı. Prezident İlham Əliyev həmişə bildirirdi ki, sülh danışıqları nəticəsiz qalacağı təqdirdə ordumuz öz sözünü deyəcək. Proqnozlar da ondan ibarət idi ki, müharibə başlayarsa, yüksək keyfiyyət göstəricilərinə malik olan ordumuzun qarşısında Ermənistan duruş gətirə bilməycək. Gözlənildiyi kimi də oldu. Azərbaycan Silahlı Qüvvələri işğalçı ordunu cəmi 44 günə darmadağın etdi və dövlətimizin ərazi bütövlüyü təmin olundu.

Bütün bunlar barədə danışarkən müstəqilliyimizin ilk illərində baş verənlər gözümüzün önündə canlanır. O illərdə təsəvvür belə etmirdik ki, Azərbaycan güclənəcək, yüksək inkişaf göstəricilərinə nail olacaq, BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək, kosmik klubda yer alacaq. Bəli, Heydər Əliyevin qurduğu və onun ideyaları ilə addımlayan Azərbaycan dövləti bütün bunlara nail oldu. Bu gün xalqımız Heydər Əliyevin böyük müdrikliklə yerinə yetirdiyi xilaskarlıq missiyasının sayəsində qazanılan möhtəşəm uğurlarla, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarixin ən qüdrətli Azərbaycanı ilə fəxr edir, qürur hissi keçirir.

Rəşad CƏFƏRLİ

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 142
  • 24
  • 3,305
  • 65,045
ILK-10 Azeri Website Directory