Dünya bizim olacaq

…Türkə səcdə, türkə təzim olacaq,

Əzəl-axır, dünya bizim olacaq…

Xalq şairi Zəlimxan Yaqub

…Allahın sevdiyi və qoruduğu millətlər var. Və Allahın sevdiyi və qoruduğu millətləri bir kimsə, Yer üzündən silə bilməz. Çünki Allah seçdiyi və sevdiyi milləti elə-belə bağrına basmır. Onun ədalətini, onun böyüklüyünü, onun Allah sevgisini duyur və buna görə də həmişə kölgəsi o millətin, o xalqın üstündə olur…

Türk hara addım atıbsa, hara qədəm qoyubsa, orda Günəş doğub, işıq olub, çörək olub və ən nəhayət haqq-ədalət olub. Hətta türk fəth etdiyi ölkələrin tarixinə, mədəniyyətinə, adət-ənənəsinə, elinə-obasına çox böyük məhəbbətlə, istəklə yanaşıb. Heç kimin haqqı, heç kimin mənafeyi tapdanmayıb, əksinə fəth olunmuş ölkələr «Qurani-Kərimin» ayələri ilə idarə olunub. Təbii ki, bunu həmin ölkələrin insanları daha yaxşı görüblər və biliblər. Onlar görüb və biliblər ki, türkün qılıncı nə qədər iti olsa da, o qılınc məzlumun yox, zalımın başını kəsib. Və bir də o millətlər görüb ki, türkün ürəyi adi ürək deyil və bu ürək dünya boydadır. Və bu ürəkdən o xalqlara da həmişə sevgi, məhəbbət, istək düşüb…

…Bir çox millətlər elə düşünüblər ki, Osmanlı imperiyası 600 illik yüksəlişdən sonra süqut edirsə, deməli, hər şey bitib. Amma heç də hər şey bitmədi. Avropalıların kələyinə, hiyləsinə baxmayaraq, Müstafa Kamal Atatürk yenidən Türkiyənin bütövlüyünü, böyüklüyünü və möhtəşəmliyini qorumağı bacardı. O dövlətin, o ölkənin dirçəlib ayağa qalxmasında da azəri türkləri də sinələrini qabağa verdilər, əllərinə qılınc götürüb Çanaqqala döyüşündə ölüm-dirim mübarizəsinə atıldılar. Ölmədilər, əksinə öldürdülər və böyük Türkiyənin dövlətçiliyini və bütövlüyünü qorudular. Şəhid olsalar da, qanları ilə düşmən qarşısında sipər çəkdilər və düşmənə bir daha sübut elədilər ki, türk ölər, ancaq torpağının və ölkəsinin bir qarışını kiməsə verməz.

Böyük Mustafa Kamal Atatürk deyib: «Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir». Və biz millət olaraq həmişə göydə Allahın, yerdə də türk dövlətin və türk xalqının bizim arxamızda durduğunu görmüşük… Biz görmüşük ki, Nuru Paşanın rəhbərliyi ilə türk ordusu Bakıya gələrək bolşevik və erməni silahlarından insanları xilas edib… Biz görmüşük ki, o ordu Şamaxıya, Gəncəyə gedib və onlardan pənah istəyən türk qardaşlarını ölümdən qurtarıb… Biz görmüşük ki, türk əsgəri şəhid olub, Azəri türkünü yağı düşməndən qurtulmağı bacarıb…

Ulu Öndər Heydər Əliyevin isə bir fikri bu qardaşlığı daha da gücləndirib: «Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir». Və bu bir millət, iki dövlət öz uzun illərdir bir-birinə arxa durub, söykək olub. Birinin ayağına daş dəyəndə, o birisinin sanki ürəyinə toxunub. Belə bir fikir də səslənir ki: «Türkün türkdən başqa dostu yoxdur». Ola bilər dost olsun, amma türk qədər bir-birinə yanan, bir-birinin ağır günündə çiynini yükün altına verən, bir-birinə qardaş deyib sarmaşan ikinci bir yaxınımız yoxdur. Və bu mehribanlığı, bu sevgini, bu ululuğu Allah-Təala hər iki millətə və dövlətə çox görməsin.

Biz dəfələrlə Türkiyədə olmuşuq, ordakı qardaşlarımızla səmim söhbətlər eləmişik. Həmişə də deyiblər ki, haçan müharibə etsəniz, Qarabağı azad etmək istəsəniz, biz sizin yanınızda olacağıq. Bunu bizə sadə insanlar deyiblər, özdə indi yox ha, 2015-ci ildə İstanbulda. Bax, onda bizim ürəyimiz dağ boyda olurdu. Sevinirdik ki, böyük qardaşımız Türkiyə bizə arxadır və dayaqdır. Biz bu dayağı 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-a qədər İkinci Qarabağ savaşında gedən döyüşdə və mücadilədə gördük. Biz gördük ki, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanındadır… Biz gördük ki, böyük türk lideri Qarabağ savaşında ermənilərə kömək etmək istəyən ölkələrə barmaq silkələdi… Biz gördük ki, Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günündən qələbə gününədək Prezidentimizin, xalqımızın, dövlətimizin yanında oldu.

Kimin ürəyi partlayır partlasın, bu gün Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan dünya siyasətinin bir nömrəli lideridir. Onunla həm Amerikanın, həm Rusiyanın, həm də Fransanın rəhbərləri razılaşmağa məcburdular. Çünki türk liderinin tutduğu yol haqqın, ədalətin və sülhün təntənəsidir. Biz bu təntənəni zaman-zaman görmüşük, bu gün də görürük və sabah da görəcəyik.

Bayaq dedim axı, biz bir-birimizə ürək qədər, qəlb qədər yaxınıq. Çünki bizim Türkiyə ilə canımız birdir, qanımız birdir, qəlbimiz də birdir. Canı, qanı, qəlbi bir olan ölkəni Allahdan başqa heç kəs ayıra bilməz.

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Füzuliyə getməsi, ordan Şuşanı ziyarət etməsi çox böyük tarixi hadisədir. Bu elə bir hadisə deyil, bu unikal və oxşarı olmayan müasir tarixdir. Türk dünyasının müasir tarixi isə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yazılır. Hər iki dövlət başçısının Şuşaya səfəri dünya siyasi tarixində yeni bir səhifə açıb. O səhifə ki, bir çox ölkələrin və dövlətlərin kürkünə birə salıb. Şuşa bəyannaməsi o deməkdir ki, Türkiyə Azərbaycanın müttəfiqidir və bu müttəfiklik hardasa 100 il bundan əvvəl imzalanmış Qars müqaviləsinin yeni bir mərhələsidir. Bu müqavilə bir daha zəngin və keçmiş tarixə malik olan Türkiyə və Azərbaycanı yenidən birləşdirir. Dünyaya bu müqavilə ilə yeni bir pəncərə açır. O pəncərə bəşəriyyətə, dünyaya, Cənubi Qafqaza və türk aləminə təmiz bir hava gətirəcək. Və bu təmiz hava ermənilər tərəfindən uzun illər murdarlanmış yolların və infrastrukturların açılmasına, inkişafına xidmət edəcək. Düzdü, bəzi ölkələr Şuşa bəyannaməsindən narahatdılar. Amma Şuşa bəyannaməsi o narahat olan ölkələrə də iqtisadi və sosial cəhətdən mənfəət gətirə bilər. Sadəcə olaraq hər şeyə təmiz ürəklə, təmiz qəlblə yanaşılsa, bu addıma 6 ölkənin hər biri yüksək səviyyədə iqtisadiyyatını qura bilər.

Türk dünyada doğan bir günəşdir. Bu günəşin istisi tək türk xalqları və türk  dövlətlərini isindirmir. Bu günəşin istisi dünyamıza hərarət, sevgi və məhəbbət gətirir. Böyük rus yazıçısı Dostoyevski yazır ki, dünyanı gözəllik xilas edəcək. Bəli, dünyanı türkün zəkası, ağılı, və eləcə də çox güclü iqtisadiyyatı bu bəlalardan qurtaracaq. Hər bir ölkə düşünməlidir ki, göydə doğan Günəş hamı üçündür. Və hamı üçün olan Günəş bu gün Türkiyədən doğur. Türkiyədən doğan Günəş tək türk dünyasını deyil, bütün dünyamızı nura boyayacaq.

Biz Türkiyədə olanda ordakı qardaş sevgisini həmişə hiss etmişik, duymuşuq. İstanbulda bir restoranın sahibi vardı. Bizim azəri türkü olduğumuzu bilib, stolumuzun arxasında əyləşdi. Sonra da dedi ki, mənim anne, babam Şuşadandır. Şuşanı görmək istəyirəm. Həmin türkün tək İstanbulda deyil, Amerikada, Almaniyada və Avropa ölkələrində çoxlu sayda restoran şəbəkələri var. Hesabı ödəmək istədik, pulu götürmədilər. Dedilər ki, abimiz buyurub ki, azəri qardaşlarımızdan pul almayaq. İnad elədik. Sonra isə restoranın sahibi özü gəldi və bizi qucaqlayıb öpdü. Dedi ki, mən sizə hər gün burda ziyafət verəcəm, arabaya ehtiyacınız olsa 15 avtomobilim var, hansını istəsəniz verə bilərəm. Təbii ki, bu böyük ürəyə görə, biz ona çox sağ ol dedik. Ancaq telefonla tez-tez bizə zəng edirdi. Biz də bir bəhanə ilə sovuşurduq. Axırda özü hotelə gəldi. Bizi götürüb apardı İstanbuldakı başqa bir restoranına. Özü süfrənin arxasında əyləşdi, müxtəlif ləziz yeməklər, o cümlədən 4 cür balıq yeməklər sifariş verdi. Sonra da arabasına mindirib hotelə gətirdi. Dedik ki, sabah Bakıya uçuruq. Kövrəldi, boynumuzu qucaqladı, gözləri doldu. Bildirdi ki, hava limanına başqa araba ilə getməyin. Öz arabamı göndərəcəm, gəlib sizi aparacaq. Səhər tezdən gördük ki, həmin araba, həmin avtomobil hotelin həyətindədi. Onunla indi də dostluğumuz davam edir. Şuşa alınanda o xəbəri eşidib hönkür-hönkür ağlayırdı. Deyirdi ki, babamın ruhu indi rahatdı.

Bax, biz həmişə türk xalqından belə bir sevgi görmüşük. Bu sevgini bu gün türk dövlətindən, türk ordusundan görürük və düşünürük ki, nə yaxşı ki, bizim türk dünyasında Rəcəb Tayyib Ərdoğan kimi, İlham Əliyev kimi böyük siyasi liderlərimiz var. Onlar Şuşada əl-ələ tutub, əllərini göyə qaldıranda sanki bütün Türkiyə və Azərbaycan birləşib… Türk dünyası bu birliyi uzun illərdir görür. Və bu birlik bizi möhtəşəm qələbəyə – Füzuliyə, Cəbrayıla, Qubadlıya, Hadruda, Şuşaya, Zəngilana, Ağdama, Laçına, Kəlbəcərə aparıb. Həmin yerlərdə dalğalanan Azərbaycan bayrağı bir daha türkün böyüklüyünü, möhtəşəmliyini və əbədiyaşarlığını göstərir.

Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun bu misraları istər-istəməz qəlbimizi titrədir və böyük türk dünyasının möhtəşəmliyini yada salır:

Silkələdin göyün yeddi qatını,

Qucaqladın Doğu ilə Batını.

Dur yəhərlə ərənlərin atını,

Dəniz kimi dalğalan türk, çalxan türk,

Döyüşən türk, oyanan türk, qalxan türk!

Qurtar bizi bu həsrətdən, bu yasdan,

Dəniz kimi dalğanan türk, çalxan türk,

Döyüşən türk, oyanan türk, qalxan türk!

Ermənilər tez-tez Kollektiv Təhlükəsizlik Şurasını yada salırdılar. Ki, onların arxasında böyük qüvvə var. Kimsə bizim ərazimizə keçsə, Rusiya başda olmaqla həmin dövlətlər onların müdafiəsinə qoşulacaq. Amma İkinci Qarabağ savaşında açıq-aşkar onların tərəfinə keçib döyüşən olmadı. Əksinə, o Şuranın üzvləri Azərbaycanın haqq işini dəstəklədilər. İndi Şuşa bəyannaməsinin imzalanması birmənalı olaraq ermənilərin arxasında olan qüvvələri susmağa və geri çəkməyə məcbur edir. Çünki kimsə Azərbaycanın ərazi bütövlüyünə təhlükə törətsə, Türkiyə bir dövlət olaraq ölkəmizin yanında olacaq. Bu bütün millətin, bütün türk dünyasının, azəri türklərinin arzusudur.

Allah Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı və Azərbaycanın Prezidenti İlham Əliyev qorusun! Ki, hər iki dövlət rəhbəri Türkiyə ilə Azərbaycanı birləşdirməyə bacardı və dostluğumuzun yeni mərhələsinə qədəm qoyduq. Qoy bu günəş, qoy bu işıq həmşə türkün başı üstündə olsun! Qoy bu işıq və günəş hər iki milləti azadlığa, işıqlığa və yüksəlişə aparsın. Bu yol bizim işığa, dirçəlişə və yüksəlişə gedən yolumuzdu və türkün bu yolunun qarşısını heç bir qara qüvvə ala bilməyəcək. Əksinə, gün işığında o qara qüvvələr məhv olub gedəcək, türk isə tutduğu haqq, ədalət yolu ilə işıqlı gələcəyə doğru inamla addımlayacaq…

Səməndər MƏMMƏDOV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 29
  • 15
  • 14,713
  • 40,293
ILK-10 Azeri Website Directory