Halal qazanc torpaqdadır

Ağcabədi kəndlisi bunu getdikcə daha çox hiss edir

Qabaqcıl təcrübənin, mütərəqqi texnologiyaların, elmi-texniki yeniliklərin bacarıqla tətbiq edilməsi sayəsində böyük uğurlar qazanan Ağcabədidə kənd təsərrüfatı sənaye təməli üzərində dinamik inkişaf edir.

Prezident  İlham  Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmağa nail olmaq barədə tapşırıq və tövsiyələrinə sanballı töhfələrlə cavab verən Ağcabədi kəndlisi torpağa getdikcə daha sıx bağlanır.

Təsadüfi deyil ki, ölkədə iri taxılçılıq təsərrüfatı ilk olaraq məhz  Ağcabədi rayonu ərazisində  yaradılmışdır. “Qarabağ-taxıl” ASC  güclü maddi-texniki bazaya malikdir. Burada müasir suvarma sistemi qurulmuşdur. İldən-ilə  yüksək nailiyyətlərə imza atan ASC ölkənin ərzaq təhlükəsizliyinin təminatına verdiyi sanballı töhfələrlə diqqət çəkir.

Artıq bir neçə gündür ki, taxılçılar biçinə başlamışlar. Ümumiyyətlə, rayonda taxılçılığın inkişafına böyük önəm verilir. Ötən təsərrüfat ilində rayon üzrə 28.324 hektar sahədə taxıl əkilmiş, hər hektarın  məhsuldarlığı 37,2 sentner olmaqla 105,5 min ton məhsul istehsal edilmişdir.

Fermerlər cari il taxıl əkini sahələrini əvvəlki illə müqayisədə 1611 hektar genişləndirmişlər. Artıq cari mövsüm rayon üzrə 7.711 hektar arpa sahələrinin yarısından çoxu biçilmişdir. Məhsuldarlıq yüksəkdir. Taxıl biçini kampaniyasını optimal müddətdə başa çatdırmaq, bir dənin belə itkiyə getməsinə yol verməmək üçün rayonda bütün qüvvələr səfərbər edilmiş, yığım və nəqliyyat texnikasının ahəngdar işləməsi təmin olunmuşdur.

Ağcabədidə baramaçılığın da inkişafına böyük maraq var. Bu, təsadüfi deyil. Yetişdirilməsi təxminən 40 gün davam edən barama kəndli üçün yaxşı gəlir mənbəyidir. Şirkət elə yerində hər kiloqram baramanı 9 manata alır. Bacarıqlı təsərrüfat adamı məqsədyönlü şəkildə kümxana tikir, yem bazası yaradır, ildə orta hesabla 250-300 kiloqram barama yetişdirməyə asanlıqla nail olur. Bu isə yaxşı gəlir mənbəyidir, ailə büdcəsinə böyük köməkdir. Söz düşmüşkən qeyd edək ki, keçən il rayon üzrə 55.528 kiloqram barama tədarük olunmuşdur. Bu il isə kümçülərin hədəfi daha yüksəkdir. Cari ilin məhsulu üçün rayonun təsərrüfatlarında 1.200 qutu ipəkqurdu toxumu bəslənmişdir. Hazırda barama tədarükü davam edir. Niyazi Salmanov, Elşən Quliyev, Gəncəli Qəhrəmanov, Müqabil Hacıyev, Hafiz Quliyev, Ələmdar Abbasov, Zahir Sadıqov və başqaları bəslədikləri hər qutu ipək-qurdu toxumundan daha çox barama istehsal etməklə fərqlənirlər.

“Ağ qızıl” hər zaman Ağcabədi kəndlisinin üz ağlığı olub. Pambıqçılığın inkişafına dövlət səviyyəsində göstərilən qayğıkeşlik və diqqət Ağcabədidə real  nəticələrdə öz təsdiqini tapır. Rayonda pambıqçılıq aparıcı sahəyə çevrilmiş, dinamik inkişaf yoluna çıxmışdır. Keçən il rayonun təsərrüfatlarında 10.689 hektar pambıq əkilmiş, bütövlükdə 37.968 ton məhsul istehsal edilmişdir. Hər hektarın orta məhsuldarlığı 35,5 sentner olmuşdur. Artıq rayonda qabaqcıl pambıqçılar dəstəsi formalaşmışdır. Öncül fermerlərdən söz düşəndə Eldəniz Şirinovun, İskəndər Hüseynovun, Raqub Qasımovun, İsa Mürşüdovun, Tofiq İsmayılovun, Xanlar Əliyevin, Sevindik Həsənovun adları hörmətlə çəkilir.

Rayonda pambıqçılıqla MKT –  İK MMC, Azərpambıq MMC və P. Aqro MMC məşğuldur. Hər üç müəssisə ilə bağlanan  müqavilələr  əsasında cari il 11.010 hektar sahədə pambıq əkilmişdir. Becərilən tarlalar yavaş-yavaş zümrüd libasa bürünür. Artıq tarlaların ikinci kompleks becərməsi başa çatmaq üzrədir. Elə sahələr var ki, artıq üçüncü kultivasiya çəkilir.

Bu gün ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də Qarabağ zəfərinin sevinci yaşanır. 44 gün  davam edən, Ermənistan silahlı qüvvələri üzərində parlaq  qələbəmizlə nəticələnən  müharibədə Ağcabədinin  vətənpərvər oğulları qəhrəman kimi döyüşmüşlər. O günlər həm də arxa cəbhədə fədakarlıq  nümayiş olunmuşdur. Düşmənin  atdığı  raketlər, artilleriya mərmiləri Ağcabədinin cəbhə bölgəsinə yaxın yaşayış məntəqələrinə düşsə də, evləri, sosial obyektləri dağıdılıb viran qoysa da, Qələbə arzusu, Qarabağı işğaldan  azad etmək istəyi, düşmənin  başını əzmək niyyəti hər kəsin – əsgərin də, əmək adamının da varlığına hakim  kəsilmişdi.

Şanlı tarixə çevrilən Qələbədən aylar keçsə də, hələ də  o sevinci yaşayırıq. Qarşılaşdığımız adamlardakı yüksək əhvali-ruhiyyə, təbəssümlü çöhrələr könlümüzdə məmnunluq yaradır, xoş ovqatın mayasına çevrilir. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla söhbətimiz də məhz bu notlara  köklənmişdir:

– Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  uğurla reallaşdırdığı tarixi xilaskarlıq missiyası, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqla ordunun  sarsılmaz  birliyi sayəsində 30 ildən bəri  işğal altında qalan Qarabağımız azad edildi. Düşmənin viran qoyduğu ərazilərimizdə indi genişmiqyaslı bərpa-quruculuq işləri gedir, o cümlədən Ağcabədidə müharibədən zərərçəkmiş evlər təmir olunur. Xalqın xidmətçisi olduğunu ən yüksək tribunadan qürurla bəyan edən Prezident İlham Əliyevin bu aydın mövqeyi hər bir dövlət qurumu, hər bir  məmur üçün  canlı nümunədir. Fəaliyyətimizin əsas istiqaməti aqrar sektorun dinamik inkişafına dönməz xarakter vermək, ərzaq bolluğu  yaratmaq, abadlıq-quruculuq  işlərini sürətləndirmək olsa da, vətəndaş müraciətlərinə həssas yanaşmaq, onları rahatsız edən problemlərin operativ həllinə nail olmaq gündəlik fəaliyyətimizin  əsas xəttidir. Bu gün şəhid ailələrinin, qazilərin problemlərinin həllinə böyük önəm  veririk. Şəhid ailələri sistemli qaydada ziyarət olunur, qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Dövlətin bu kövrək istiqamətdəki qayğıkeşliyini doğru-dürüst əlaqələndirmək üçün rayon icra hakimiyyətlərində yeni şöbə yaradılması təqdirəlayiqdir.

Bəli, bu gün Ağcabədinin taxıl zəmilərində, pambıq tarlalarında, heyvandarlıq  fermalarında qızğın iş gedir. Çünki Ağcabədi kəndlisinin amalı bolluq, firəvanlıqdır.

Lazım QULİYEV,

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2021
S M T W T F S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 30
  • 15
  • 14,714
  • 40,294
ILK-10 Azeri Website Directory