“Qüvvət elmdədir…” devizi ilə növəti mühazirə keçirilib

  AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı Azərbaycanın ən görkəmli şairlərindən biri Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci il “Nizami ili” çərçivəsində növbəti onlayn mühazirə keçirmişdir. “Qüvvət elmdədir! Başqa cür heç kəs, heç kəsə üstünlükeyləyə bilməz…”devizi ilə “Nizami mühazirələri”nin dördüncü toplantısı 30 iyun tarixində Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyi ilə birlikdə onlayn formatda baş tutmuşdur.

Onlayn tədbiri Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Nizami Gəncəvi yaradıcılığının öyrənilməsi və təbliğinin vacibliyindən bəhs etmişdir.

 Nizami irsində təkcə Şərq ədəbi-mədəni dəyərlərin deyil, eyni zamanda Qərb ədəbi-mədəni dəyərlərin öz kamil sintezini tapmasından, Nizami yaradıcılığının klassik dövrün yeni mərhələsi kimi qiymətləndirilməsindən bəhs etmişdir. Aran filialının keçirdiyi mühazirələrin gənc nəslin Nizami irsinə marağının artırılması üçün böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulamışdır.

Sonra Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müdiri, Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyinin sədri, tarix elmləri doktoru, professor Habil Məmmədov “Nizamiyaradıcılığı tarix və etnoqrafiyanın öyrənilməsində mühüm mənbə kimi”mövzusunda mühazirə söyləyərək, şairin əsərlərində əks olunan tarixi faktlardan, toponimlərdən, dövlətçilik ənənələrindən, Sasani və türk hökmdarlarından bəhs etmiş, tarixi mənbə kimi “İsgəndərnamə” poemasına xüsusi diqqət yetirmişdir. Eləcə də, mühazirəçi dahi şairin yaradıcılığında özünü biruzə verən zəngin etnoqrafik məlumatları dinləyicilərin nəzərinə çatdırmışdır. Mühazirədə Nizami Gəncəvinin əsərlərində təsərrüfat, ailə məişət, mənəvi və maddi mədəniyyət məsələlərinə dair maraqlı fikirlər xüsusi olaraq vurğulanmışdır.

Tədbirin digər mühazirəçisi AMEA Milli Azərbaycan Tarix Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva “Nizami dövrü Azərbaycanda təhsil” mövzusunda mühazirə söyləyərək, Azərbaycanda orta əsrlərdə islam mədəniyyətinin yayılmasında mühüm rol oynamış təhsil müəssisələri, o cümlədən mədrəsələr haqqında məlumat vermişdir. Öz yeni keyfiyyətlərinə görə, digər mədrəsələrdən fərqlənən Bağdad Nizamiyyə mədrəsəsi, oradakı təhsil və azərbaycanlı müdərrislərin rolu haqqında da danışan mühazirəçi, mənbələr üzərində apardığı araşdırmalar nəticəsində Xilafətin 30-dan çox mədrəsəsində azərbaycanlı müdərrislərin fəaliyyət göstərmələri haqqında məlumat əldə etdiyini qeyd etmişdir. Eyni zamanda, o, Azərbaycanda təsis edilmiş mədrəsələr və oradakı təhsil haqqında da söz açmışdır.

Mühazirəyə Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyinin üzvləri, Kürdəmir rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat və tarix müəllimləri, Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulmuşlar. Məruzəçilər dinləyicilərin suallarını cavablandırmışlar.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 260
  • 95
  • 13,962
  • 52,511
ILK-10 Azeri Website Directory