Gədəbəy taxılçıları bol məhsul yetişdiriblər

Kartofçuluqda ad çıxarmış gədəbəylilər hər il taxıl sahələrindən də bol məhsul götürürlər. Gədəbəydə cari ilin məhsulu üçün 2984 hektarda taxıl əkilmişdir ki, onun da 2732 hektarı buğda, 252 hektarı arpadır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyev deyir ki, Gədəbəydə taxıl əsasən dəmyə şəraitində yetişdirilir: “Odur ki, taxıl biçininə  aran bölgəsində başa çatdıqdan sonra başlanılır. Biçində lazım olan kombayn və  texnika sarıdan problem olmur. Keçən il hər hektardan 30,2 sentner taxıl götürən fermerlərimiz bu il daha yüksək nəticə üçün əllərindən gələni əsirgəmirlər”.

Rayonda ən çox Zəhmət, Slavyanka, Novosaratovka, Novoivanovka kəndlərində, eləcə də Şınıx bölgəsində taxıl əkilir. Dövlətin taxılçılığın inkişafına verdiyi dəstəkdən yararlanan fermerlər yetişdirilən məhsulu itkisiz biçmək üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışırlar. Artıq sahələrdə herbisid və gübrələrin verilməsi, eləcə də alaq otlarına qarşı mübarizə tədbirləri başa çatdırılmışdır. Hazırda ziyanvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Ümumiyyətlə, rayonda taxılçılığa maraq ildən-ilə artır. İndi elə təsərrüfat sahibləri var ki, göstəriciləri rayon üzrə orta nəticədən yüksəkdir. Məsələn, Arabaçı kəndinin sakini Əlövsət Bayramov hər il 22 hektarda taxıl əkir. Keçən il hər hektardan 35 sentner məhsul götürən sahibkar bu il daha yüksək göstəriciyə nail olacağını deyir.

Zəhmət kəndinin sakini Eldəniz İbrahimov da keçən il yüksək göstəriciyə nail olmuşdur. 2,5 hektar sahədə taxıl əkən təsərrüfat sahibi məhsuldarlığı 34 sentnerə çatdırmışdır.

Taxılçılıqda zəngin təcrübə toplayan Düz Rəsullu kənd sakini Əhməd Əsgərovun əldə etdiyi məhsuldarlıq isə daha yüksək olmuşdur – 37 sentner. Hazırda Əhməd Əsgərov zəmilərdə bol məhsul yetişdirmişdir. O, keçən-ilki göstəricini təzələyəcəyinə əmindir. 

Qeyd edək ki, havaların həddindən artıq isti keçməsi Gədəbəydə də taxılın tez yetişməsinə səbəb olmuşdur. Odur ki, rayon fermerləri avqustun 1-dən biçinə başlamaq fikrindədirlər. Onlar bu il hər hektardan 31 sentnerdən çox məhsul götürəcəklərini proqnozlaşdırırlar.

Sabir ƏLİYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 260
  • 95
  • 13,962
  • 52,511
ILK-10 Azeri Website Directory