Faiq QİSMƏTOĞLU: Reket, yoxsa dilənçi?!

Bir neçə gündür ki, mətbuatda «reket jurnalistikası» ilə bağlı geniş müzakirələr gedir. Hətta bu mövzu ilə bağlı Az.TV-nin «Çıxışa doğru» proqramında ekspertlərin  və tanınmış jurnalistlərin fikirlərini də dinlədik. Bir daha yəqin etdik ki, həqiqətən bu gün mətbuatın və böyük jurnalistikanın adına ləkə gətirən bu sənətdən, bu peşədən xəbəri olmayan bir qrup  dələduz məmləkətimizdə at oynadır. Onlar ayrı-ayrı vəzifəli şəxsləri və hətta adi insanları şantaj edərək, hədə-qorxu yolu ilə müxtəlif məbləğdə pul istəyirlər. Ən qəribəsi odur ki, onların «toruna» düşən çoxlu sayda məmurlar və vəzifəli şəxslər də var. Görəsən, bu vəzifəli şəxslər nəyə görə həmin adamlara istədikləri o pulu verirlər? Məgər onlar öz hüquq və vəzifələrini bilmirlərmi? Görünür, belələri gözü kölgəli olduğuna görə ya susur, ya da heç bir şey demir.

Ağızlarında şirə yeri qalan dələduzlar isə «o qapı sənin, bu qapı mənim» deyib, rayonları, kəndləri gəzir və öz əməllərini davam etdirirlər. Hətta onlar şəhid ailələrindən belə pul almaqdan çəkinmirlər. Şəhidə pul verərlər, kömək göstərərlər, arxa durarlar, onlardan alınan pul balıq sümüyü kimi həmin adamların boğazlarında ilişib qalacaq. Lent.az-ın yaydığı məlumata görə, bir neçə «reket jurnalist» həmin şəhid ailələrindən pul alıblar ki, sizdən sujet hazırlayırıq. 40 manat, 60 manat civarında bu şəhid ailələrindən hansısa dırnaqarası Tv-lərin aparıcısı pul alıb. O pulun da səsi artıq ölkəni ağzına götürüb.

Bu gün yerindən duran deyir ki, jurnalistəm. Ay balam, heç bir mətbuatda jurnalist vəzifəsi yoxdur, jurnalist bir sənətdir və bu sənətə yiyələnmək üçün Bakı Dövlət Universitetini bitirməlisən. Qəzetdə, saytda, televiziyada müxbir, şöbə müdiri, redaktor, prodüsser, baş redaktor vəzifələri var. Adını, soyadını düzgün belə yazmayan, yoldan keçən biri vəsiqəni alıb cibinə qoyan kimi elə bilir ki, alçaq dağları o yaradıb. Nə yerə sığır, nə göyə. Çünki o adamın heç orta təhsili belə yoxdur. Türmədən çıxan, qəssab, kababçı, sürücü, nəbilim, daha nə mənə adamlar  bu gün ciblərində o vəsiqəni gəzdirirlər. Elə təsəvvür edirlər ki, hamının bunlara borcu var və hamı da onlara pul verməlidir.

Gedin rayonlara, görün qapı-qapı gəzən adamların əlindən məmurlar, vəzifəli şəxslər nə müsibət çəkirlər. Biri deyir ki, ad günümdür, biri deyir ki, benzinim qurtarıb, biri də deyir ki, çörək yeməyə pulumuz yoxdur. Təbii ki, bu sözləri eşidən bəzi məmurların ürəyi yumşalır və onlara dediyi məbləği verməsə də, benzin pulu, çörək pulu ödəyir. Bunlar jurnalist deyil, bunlar qapı-qarı gəzən dilənçidir. Jurnalist heç vaxt qapıları gəzmir. Yaxşı jurnalisti xalq özü axtarıb tapır və dərdini ona deyir, o da təmənnasız olaraq o yazını qələmə alır və problemin həllinə kömək göstərir.

Qapı-qapı gəzən elə adamlar bəzən 1 manat, 2 manat pul alanda sevinirlər. Sevinirlər ki, on qapıya getdi, 2 manatdan gün ərzində 20 manat pul qazandı. Siz deyin, belə hərəkətlərin mətbuata heç dəxli varmı? Onlar nə jurnalistdi, nə müxbirdi, nə də yazardı. Onlar sadəcə olaraq ata-bala seyid kim qapı-qapı düşüb nəzir-niyaz dilənən cəmiyyətin ən aşağı adamlarıdır. O adamlar nə şəhid ailəsi haqda düşünər, nə də şəhidlər barəsində. Çünki evdən çıxanda yazı yazmaq barəsində deyil, 5-10 manat pul qoparmaq haqqında fikirləşirlər.

İndi də belələri şəhidlərimizin ailəsi və ruhları ilə zarafatlaşırlar. Tərbiyəsi, qanacağı, səviyyəsi və savadı olan hər  adam bu müqəddəs varlıq qarşısında həmişə özünü borclu sayır və o borcu da zaman-zaman ödəməyə can atır. Bir hadisə danışacam, tükləriniz biz-biz olacaq. Mənim bir gənc bibim nəvəsi vardı. Toyundan üç gün sonra çayda çiməndə boğulub ölmüşdü. Mən də bir qohum kimi bu dərdi yüngülləşdirən bir yazı yazdım. Bibim qızının və yeznəmizin dərdini düşündüm ki, bir qədər yüngülləşdirdim. Onlar da o yazını elə yas yerində stolun üstünə qoyub bir təsəlli tapırmış. Rəhmətliyin yeddisi günü Bəhmənliyə yas yerinə iki nəfər gəlir, deyir ki, biz jurnalistik. İstəyirik sizin oğlunuzdan bir yazı yazaq. Qohumum deyir ki, ehtiyac yoxdu, yazılıb. Onlar inad edir, deyirlər ki, yox ey, mütləq yazı yazmalıyıq. Rəhmətliyin şəklini gətirin, bir də tərcümə halını. Deyiləni gətirirlər və verirlər həmin adamlara. Onlar durub baxır və atasına çox qəribə bir söz deyirlər: «İndi 20 şirvan ver, məsələni həll edək və yazı yazaq». Bu sözü eşidəndə elə bil ki, mənim qohumumun başına bir qazan qaynar su tökülür. O, şəkli və tərcümə halı alır və deyir ki, çıxın gedin! Sizin yazınız mənə lazım deyil.

Görürsünüzmü, dərdli atanın dərdini yüngülləşdirmək əvəzinə bu «jurnalistlər» onun yarasının qaysağını qopardır. Bir müddət mənim qohumum şok anlar yaşayır. Belələrinə nə ad verəsən, reket, yoxsa dilənçi ?! Qoy bu adı hörmətli oxucular müəyyənləşdirsin. Biz deyərik, bir qədər yaxşı çıxmaz. Amma görünən odur ki, bu gün Azərbaycan mətbuatına ac qurd kimi darışan bu «jurnalistlərdən» canımızı tezliklə xilas etməliyik. Çünki mətbuat maaritçilik, vətənpərvərlik və dövlətçilik missiyasını təbliğ edir. Onlar isə Azərbaycan mətbuatına qara ləkədir. O qara ləkədən cəmiyyətin, ziyalıların və ictimaiyyətin köməkliyi ilə çıxış yolu tapmalıyıq və inşallah tezliklə tapacağıq da! 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 249
  • 91
  • 13,951
  • 52,500
ILK-10 Azeri Website Directory