Qarabağın üzərindən “dağ” götürülüb

İlham Əliyevin hərbi-diplomatik qələbəsi bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatının reallaşmasına zəmin yaradıb

Ermənistan tərəfi son zamanlar xain davranışlarından əl çəkməyərək davamlı olaraq Azərbaycana qarşı təxribatlar törədir, mövqelərimizi atəşə tutur,  hərbçilərimizin həyatına qəsd edərək vəziyyəti gərginləşdirməyə, yenidən münaqişə yaratmağa cəhd edir. Amma bu gün “Qarabağ münaqişəsi” deyə bir anlayış mövcud deyil və 44 günlük Vətən müharibəsi zamanı bu birdəfəlik həll olunub.

Baş Sərkərdəmiz İlham Əliyevin “dəmir yumruq” əməliyyatı ilə Azərbaycan Ordusu erməni faşizmi üzərində qəti qələbə çalaraq ərazi bütövlüyümüzü bərpa edib, düşməni torpaqlarımızdan qovaraq BMT Təhlükəsizlik Şurasının 27 il idi ki, kağız üzərində qalan qətnamələrini yerinə yetirib.

Şanlı Ordumuzun düşmən üzərində qazandığı tarixi və parlaq qələbə,  regionda, o cümlədən Vətənimizdə yeni siyasi, iqtisadi, hərbi reallıqlarla yanaşı, bölgədə yeni təhlükəsizlik, əməkdaşlıq formatına zəmin yaradıb…

Dağlıq yox, Qarabağ var!

Artıq Azərbaycanın işğaldan azad edilən torpaqlarında sürətli və böyük quruculuq işləri həyata keçirilir.

Barbar düşmən tərəfindən vəhşicəsinə dağıdılan tarixi, dini, mədəni abidələrimizin hamısı yenidən bərpa edilir, tikilir. İndi yurd-yuvasından didərgin düşən yüz minlərlə köçkün sevinclə böyük qayıdışa hazırlaşır.

Belə bir mərhələdə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təxribatlar, qaldırdıqları qondarma iddialar isə onların hələ də torpaqlarımıza qarşı güddükləri məkrli niyyətdən əl çəkmədiklərinin bariz göstəricisidir. 

Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla, tarixi ədalətlə barışmaq istəməyən, xarici havadarlarına sığınaraq 30 ildir torpaqlarımızı işğal altında saxlayan, hələ ondan da illər əvvəl yenə havadarları sayəsində əzəli yurdumuz Zəngəzura yiyələnmələrini beyinlərinə yerləşdirən işğalçı başqalarının yurd-yuvasına tamah salmaq iştahının eyforiyasından ayılmaq istəmir…

Prezident İlham Əliyev aylardır Ermənistanı yeni reallıqları qəbul etməyə çağırır və bəyan edir ki, artıq Dağlıq Qarabağ adlı ərazi yoxdur: “Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”.

Prezident qətiyyətlə hər kəsə bəyan edir ki, artıq Dağlıq Qarabağ deyil, Qarabağ var, vəssalam!

İyulun 22-də Azərbaycan Televiziyasına müsahibəsi zamanı da Prezident bu məsələyə bir daha toxunaraq söylədi ki, bu, süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat olub. Tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaradıb, Xankəndini oranın mərkəzi edib və cəllad Şaumyanın adını verməklə Azərbaycan xalqına qarşı çox mənfi bir addım atıblar. Bu, xalqımız üçün, həqiqətən də, təhqir idi. Bu gün isə tarixi ədalət bərpa edilib. Tarix hər şeyi yerinə qoyub.

Çirkin erməni taktikası

Ermənilərin bu sərsəm iddiaları heç bir məntiqə sığmır. Eyni zamanda ötən ilin 10 noyabrında üçtərəfli Bəyanatı imzalayaraq faktiki olaraq kapitulyasiyaya qol qoyan Ermənistanın son zamanlar ordumuzun mövqelərini atəşə tutması məntiqi davranış deyil.

Bəs bu çirkin oyunların altında gizlənən nədir?

Ola bilməz ki, ermənilər 44 günlük Vətən müharibəsinin onlar üçün acı və bir o qədər ağrılı nəticələrini tez bir zamanda unuda bilsinlər. Reallıqda belə bir şey mümkün deyil…

Faktiki olaraq Ermənistanın hərbi potensialı məhv edilib, özünə gəlməsi qarşıdakı 30 ildə gözlənilmir və hələ ondan sonrakı mərhələdə də sual altındadır. Üstəlik də, iqtisadi çöküş yaşayan və digər ölkələrin ianələri ilə birtəhər başını girləyən, insan resursları baxımından əziyyət çəkən bu ölkənin hansısa qarşıdurmaya hazır olması, sadəcə, gülüş doğurur…

Görünür, ermənilər son çarə kimi yenə də hər zaman əl atdıqları çirkin taktikanı işə salmağa çalışır, Azərbaycana qarşı yalan iddilar qaldıraraq “qurban” obrazına bürünüb özlərinə yeni xarici havadarlar qazanmaq istəyirlər…

Amma onlar bu ağılsız hərəkətləri ilə, ölkəmizə qarşı təxribatlar törətməklə, sadəcə, özlərinin acı sonlarını hazırlayırlar. Azərbaycan hər nə qədər sülhsevər, barışıq meyilli bir ölkə olsa da, torpaqlarına göz dikən, xalqına qənim kəsilən vəhşi xislətlilərə qarşı da bir o qədər barışmazdır.

Buna görə də ermənilər təxribatlarından əl çəkərək məğlubiyyətləri ilə barışmalı, bütün regionda sülhə və sabitliyə mənfi təsir göstərən, vəziyyəti gərginləşdirən təxribatçı əməllərinə son qoymalıdırlar.

Əks təqdirdə bir dövlət kimi varlıqlarını şübhə altına almış olacaqlar…

Yasəmən MUSAYEVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 277
  • 101
  • 13,979
  • 52,528
ILK-10 Azeri Website Directory