Böyük zəfərin tarixi zəmini

Şuşa Bəyannaməsi zirvəsindən Qars müqaviləsinə baxış

2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsində iki dost və qardaş ölkə 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdilər. Şuşa Bəyannaməsi tarixi varisliyi göstərməklə Qars müqaviləsinin həyatiliyini bir daha təmin etdi.

Rusiyanın vasitəçiliyi ilə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında Qarsda imzalanmış müqavilənin 100 illiyi bu il tamam olur. İmzasının olmasına baxmayaraq, Ermənistanda və xarici ölkələrdə Qars müqaviləsinə qarşı çıxan və onu dəyişdirmək istəyən erməni qrupları hələ də fəaliyyət göstərirlər.

Uydurma erməni iddialarının əsassızlığını və cəfəngiyyat olmasını bir daha sübut etməkdən ötrü bəzi suallara cavab vermək lazımdır: Qars konfransında Türkiyənin Azərbaycan, Gürcüstan və Ermənistan ilə arasında ərazi-sərhəd məsələlərinin müzakirəsi necə keçirilib? Müqavilənin imzalanmasına münasibət necə olub? Ratifikasiya prosesi necə icra edilib və Azərbaycan hansı rolu oynayıb?

Məqalədə yalnız ərazi-sərhəd məsələlərinə dair suallara Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstan arxivlərinin ən mötəbər mənbələri əsasında cavab verilir.

Qars konfransında ərazi-sərhəd məsələlərinin müzakirəsi

1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsinə uyğun olaraq Rusiyanın vasitəçiliyi ilə Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Qars konfransı şəhər valiliyinin binasında həmin ilin sentyabrın 26-da açıldı və oktyabrın 13-dək davam etdi. Konfransda Azərbaycan hökumətini xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud Şahtaxtinski, Ermənistan hökumətini xalq xarici işlər komissarı Askanaz Mravyan, xalq daxili işlər komissarı Poqos Makinisyan, Gürcüstan hökumətini xalq hərbi və dəniz işləri komissarı Şalva Eliava, xalq xarici işlər və maliyyə komissarı Aleksandr Svanidze, Türkiyə hökumətini Böyük Millət Məclisinin Ədirnəpoldan olan deputatı Kazım Qarabəkir Paşa, deputat Vəli, keçmiş ictimai işlər naziri Muxtar, Türkiyənin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Memduh Şövkət Esendal, vasitəçi kimi Rusiyanın Latviyadakı səlahiyyətli nümayəndəsi Yakov (Yakub) Qanetski təmsil edirdilər.

Konfransın məqsədi Türkiyə və Cənubi Qafqaz respublikaları arasında münasibətləri tənzimləmək və Moskva müqaviləsinin onlar tərəfindən qəbul edilməsi idi.

Açılış nitqində konfransın ümumi işinə uğurlar arzulayan Kazım Qarabəkir Paşadan sonra çıxış edən Yakov Qanetski Moskva müqaviləsini nəzərdə tutaraq Qarsa gəlməkdə məqsədin böyük işi başa çatdırmaq olduğunu belə ifadə etdi: “Siz buraya gəlmisiniz ki, dinc dostluq müqaviləsi bağlayasınız və bütün dünyaya göstərəsiniz ki, Zaqafqaziya respublikalarının xalq kütlələri və qəhrəman türk xalqı öz maraqlarını başa düşərək bütün xarici düşmən qüvvələrin səylərinə baxmayaraq, qardaşlıq, sülh və dostluq şəraitində yaşamaq istəyirlər”.

O, daha sonra bildirdi: “Burada çox böyük bir hadisə baş verir. Qüdrətli türk və erməni xalqları sözdə deyil, işdə aralarındakı düşmənçilikdən əbədi olaraq imtina edəcəklərini bütün dünyaya sübut edəcəklər. Onlar bir-birinə sıyrılmış qılıncla deyil, hərarətli qardaşlıq sevgisi ilə gəlirlər. Milli nifaq deyil, xalqlar dostluğu mübarizə aparan xalqları möhkəmləndirə, bütün dünyaya xoşbəxtlik gətirə bilər. Yalnız bu şüar altında biz qalib gələ bilərik”.

Yakov Qanetskidən sonra Azərbaycan, Gürcüstan və Ermənistan adından çıxış edən Askanaz Mravyan “qardaş türk xalqının imperializmə və zorakılığa qarşı mübarizədə qalib gəlməsini Cənubi Qafqaz xalqlarının arzuladıqlarının konfransda qeyd edilməsini və möhkəmləndirilməsini” vacib hesab etdi. Bildirdi ki, buraya düşmənçilik hissləri ilə deyil, burjua-millətçi hökumətlərin qoyub getdikləri və həll edilməyən mirası, mübahisəli, lənətə gəlmiş məsələləri aradan qaldırmaq üçün gəliblər. Əlavə etdi ki, onları bu məsələlər və düşmənçilik hissləri deyil, öz ölkəsinin azadlığı uğrunda mübarizə aparan zəhmətkeş türk xalqının mübarizəsi qarşısında rəğbət düşündürür, bu hisslər onları həyəcanlandırır və öz ölkəsinin müdafiəsinə qalxan xalqın qalib gələcəyi və düşmənin məğlub olacağı hissi düşündürür. Konfransın Cənubi Qafqaz xalqlarının qardaş türk xalqına münasibətdə bu hisslərini möhkəmləndirəcəyini qeyd edən Askanaz Mravyan daha sonra dedi ki, bu konfransa qalib və məğlub kimi gəlməyiblər. O, ümid etdiyini bildirdi ki, rus xalqının inqilabi mübarizəsi türk xalqı üçün Qərb imperializminə qalib gəlməkdə, Anadolu çöllərində Antantanın nökərlərinə qarşı apardığı mübarizədə bir nümunə olacaqdır. Daha sonra Cənubi Qafqaz xalqları adından belə bir əminlik ifadə etdi ki, konfrans türk xalqı ilə dostluq və qardaşlıq müqaviləsinin möhkəm əsaslarını yaradacaq, bu müqavilənin əsasında irəlidə bütün mübahisəli məsələlər daha asan və tezliklə həll olunacaqdır.

Konfransın işini sürətləndirmək üçün Yakov Qanetski iki komissiyanın yaradılmasını təklif etdi. Bunlardan biri sərhəd, digəri isə iqtisadi məsələlərlə məşğul olmalı idi. Komissiya müəyyənləşdirilməsi nəzərdə tutulan sərhədə baxacaqdı. Onlar sentyabrın 27-də səhər işə başlasaydılar, günün ikinci yarısında işlərinin nəticələri haqqında məruzə edə bilərdilər.

Sərhəd komissiyasının tərkibində yalnız ekspertlərin olmasına dair Yakov Qanetskinin təklifi ilə Kazım Qarabəkir Paşa razılaşdı. Yakov Qanetski bu komissiyaya B.Kuznetsovun sədr təyin edildiyini bildirdi. Çoxlu komissiyanın yaradılması problemlər doğura biləcəyindən Yakov Qanetski nümunə kimi Rusiya ilə Polşa arasında sərhədin daha böyük olduğunu, müəyyənləşdirilərkən bir komissiyanın işlədiyini söylədi. Kazım Qarabəkir Paşa bir komissiyanın yaradılması təklifi ilə razılaşdı. Yakov Qanetski Ani şəhəri məsələsini qaldıraraq bildirdi ki, bu şəhər və sərhəd haqqında yaxın zamanlarda qərar qəbul olunacağına ümid edir. Kazım Qarabəkir Paşa bu barədə Ankaradan cavab alınan kimi söyləyəcəklərini bildirdi. Əgər cavab olmasaydı, müqavilə layihəsindəki maddə dəyişdirilməyəcəkdi. Yakov Qanetski bu fikirləri diqqətə aldığını və sərhədə dair maddə ilə məsələnin başa çatmış olduğunu dedi. Kazım Qarabəkir Paşa da sərhəd haqqında məsələnin həll edildiyini bildirdi.

Konfransın sentyabrın 27-də keçirilən ikinci iclasındakı çıxışında Kazım Qarabəkir Paşa birinci iclas protokoluna belə bir əlavə etdi ki, türk xalqı ona zorla qəbul etdirilən Sevr müqaviləsini qəbul etməyib. O, həmçinin protokolların məzmunu ilə tanış olmağı, hər bir şəxsin oxumasını və sonra hər bir protokolu hamının imzalamasını təklif etdi.

Yakov Qanetski bütün sovet nümayəndələri adından təklif etdi ki, sərhəd komissiyası məruzə təqdim etsin və sərhəd haqqında məsələnin həllinə başlanılsın. O, konfransın işini sürətləndirmək üçün komissiyanın yalnız həll edilməyən məsələlərə dair məlumat verməsini, razılaşdırılan məsələlərə dair müzakirə açmamağı təklif etdi. Komissiyanın hər bir üzvü bu sənədə imza atmalı idi. Məsələ barəsində türk nümayəndə heyətinin fərqli bir fikri yox idi, yalnız detallar barəsində fikir ayrılığı ola bilərdi. Bu məsələlər iki başlıca qrupa bölüşdürülə bilərdi: məsələlərin bir qismini nümayəndələr yerində həll edə bilməzdilər. Məsələn, türk heyəti Ani şəhərinin xarabalıqları (Ani şəhəri 1319-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində dağılmışdı – M.Q.) haqqında hökumətinin rəyini soruşmuşdu. İkinci qrup məsələlər xırda sərhəd məsələləri idi, onları yerində həll etmək olardı. Həmin komissiyanın tərkibində tərəflərdən nümayəndələr daxil edildi. Sərhəd məsələsinə münasibətdə türk nümayəndə heyəti öz hökumətindən ta-mamilə aydın direktiv almışdı: sərhədlər Moskva konfransında müəyyənləşdirildiyi kimi təyin edilməli idi. Yalnız Ani şəhərinin xarabalıqlarına dair məsələ barədə türk nümayəndə heyəti hökumətinin cavabını gözləyirdi.

Komissiya üçün şübhəli olan məsələlərin müzakirəsinə başlamağı təklif edən Yakov Qanetski onların barəsində qərara gələ biləcəklərini söylədi, Ani şəhəri haqqında türk nümayəndə heyətinin hökumətinin rəyini öyrənmək istəyini xeyirxahlıq kimi qiymətləndirərək, bu yerə dair qərarı gözləyəcəklərini bildirdi.

Sərhədin qəti olaraq Arpaçaydan müəyyənləşdirilməsini təklif edən Kazım Qarabəkir Paşa Ani şəhərinin güzəştə gedilməsinin yalnız ayrı maddə ilə Türkiyənin Ermənistana rəğbət bəsləməsi formasında ola biləcəyini dedi. Onun fikrincə, təfərrüatları konfransda müzakirə etmək lazım idi. Bütün bu məsələlərə ortaq komissiya və hərbçilər tərəfindən yerində baxıla, lakin əgər konfrans israr etsəydi, müzakirə edilə bilərdi.

Yakov Qanetski bildirdi ki, türk nümayəndə heyətinin dediyi kimi, əgər sərhədlər Moskva müqaviləsinə əsasən müəyyənləşdiriləcəksə, onda Ani şəhəri Türkiyə tərəfində qalacaqdır, ayrıca maddə olardısa, onda Ani şəhəri Ermənistana keçirdi və iki maddə bir-biri ilə uyğun gəlmirdi. Türk nümayəndə heyətinin mövqeyinin işi sürətləndirmədiyini bildirən Yakov Qanetski bu məsələni açıq saxlamağı təklif edərək dedi ki, əgər qənaətbəxş cavab olarsa, onda Ani şəhərinin Ermənistana keçdiyi və Türkiyənin Ani şəhərini Ermənistana güzəştə getdiyi müvafiq bəyannamədə yazıla bilər.

Kazım Qarabəkir Paşa söylədi ki, sərhədlər Moskva konfransında qəti olaraq qəbul edildiyi və rus hökuməti tərəfindən sanksiya aldığı, prinsipcə Qafqaz respublikaları tərəfindən qəbul edildiyi üçün indiki zamanda hər hansı bir dəyişiklik müharibə aparan türk xalq kütlələrində xoşagəlməz təəssürat, həmçinin Avropada da müvafiq rəy yaradar. Ona görə də Moskva konfransında müəyyənləşdirilən sərhədlərin yenidən cızılmasını mümkünsüz hesab edən türk nümayəndə heyəti erməni nümayəndə heyətinin Ani şəhərinin xarabalıqlarına dair mövqeyinə tərəfdar çıxaraq, Ankara hökuməti ilə əlaqəyə girmək və bu şəhərin xarabalıqları haqqında ayrıca maddəni müqaviləyə daxil etmək istəyini bildirdi. Lakin bunun Moskva müqaviləsi ilə müəyyənləşdirilən sərhədlərin dəyişdirilməsi anlamına gəlmədiyini bildirən türk nümayəndə heyəti ona görə də müqaviləyə ayrıca maddə daxil edilməsini istəyirdi.

Bu məsələdə kiçik bir anlaşılmazlığın olduğunu deyən Yakov Qanetski bildirdi ki, nümayəndə heyəti Ani şəhərinin Ermənistana keçməsinə dair siyasi əhəmiyyət daşıyan ayrıca maddənin olmasına etiraz etmir. Əgər belə bir maddə olacaqsa, onda sərhədlə bağlı bir maddə digərini ləğv edir. O, türk nümayəndə heyətinin təklifinin doğru olmadığını bildirərək dedi ki, türk nümayəndə heyəti və hökuməti hazırda Cənubi Qafqazda, başlıcası isə Ermənistanda olan şəraiti bilir. Əgər türk heyəti Ani şəhərini güzəştə getmək istəyirsə, onda mənim təklifimi rədd etməməlidir. Bu, Avropada da yaxşı qarşılanar.

Kazım Qarabəkir Paşa sərhədlərin dəyişdirilməsinə razı olmadıqlarını, eyni zamanda erməni nümayəndə heyəti üçün xoş bir şey etmək, Ani şəhərinin xarabalıqlarını güzəştə getmək istədiklərini dedi. Lakin türk nümayəndə heyətinin əvvəlki bəyanatından belə çıxırdı ki, sərhəd göstərilmədən, Ani şəhəri daxil edilmədən gedir, Arpaçaydan keçir, sonra isə ayrıca maddə ilə Ani şəhərinin Ermənistana verildiyi yazılırdı. Moskva müqaviləsi ilə müəyyənləşdirilmiş sərhədlərin dəyişdirilməsinin az məlumatlı türk əhalisində pis, Ankara hökumətinin çox güzəştə getməsi barədə təəssürat yaradacağını bildirən Kazım Qarabəkir Paşa təklifinin mahiyyətini belə izah etdi: sərhəd Arpaçaydan keçir, sonra isə ayrıca maddədə Türkiyənin Ani şəhərinin xarabalıqlarını Ermənistana güzəştə getdiyi yazılır. Türk heyəti Moskva müqaviləsinin A əlavəsini qəbul etməyi və sonda Ani şəhərinin xarabalıqlarının Ermənistana güzəştə gedilməsini yazmağı təklif etdi.

Burada ziddiyyət yarandığını deyən Yakov Qanetski bildirdi ki, sərhədi indi dəyişməklə onu qəti olaraq çəkmək olmaz, dəmiryolu boyunca olan zonalar göstərilib. İkinci maddədə isə belə şərh olunurdu ki, türk hökuməti orada məlum istehkamlar qurmayacaqdır. Onun fikrincə, bunun sərhədlərlə heç bir əlaqəsi yox idi. Yakov Qanetski dedi ki, biz təkcə Ermənistan deyil, həmçinin Cənubi Qafqaz üçün əsaslı olan məsələni qaldırırıq, Türkiyə nümayəndə heyəti və Türkiyə hökuməti bizim təkliflə razılaşsaydı, bütün Cənubi Qafqaz respublikaları fövqəladə dərəcədə məmnun olardılar. O, daha sonra maddəni oxudu, sərhədin Arpaçaydan keçdiyini bildirdi. Maddənin sonunda Ani şəhərinin Ermənistana güzəştə gedilməsinə dair ayrıca maddə olacağı qeyd edildi. Kazım Qarabəkir Paşa Yakov Qanetskinin təklifini qəbul etdi. Ankaradan cavab alınanadək Ani şəhəri ilə bağlı məsələ açıq saxlanıldı.

Yakov Qanetski sərhəd komissiyasının sərhədin Moskva müqaviləsi ilə təyin olunmasını qəbul etdiyini və cəmi dörd bəndin açıq qaldığını deyərək, sözü komissiyanın sədri B.Kuznetsova verdi. Sədr komissiyada sərhəd məsələsinə baxılarkən Yeni Qızıldaş və Vartanlı kəndlərinin kimə məxsus olduğunun açıq qaldığını dedi. Kazım Qarabəkir Paşa bütün dörd bəndin birlikdə oxunmasını xahiş etdi. B.Kuznetsov bildirdi ki, ikinci bənd Kavtareti kəndi, üçüncü bənd Sabaur kəndi, dördüncü bənd isə Sarp kəndinin kimə məxsus olması barədədir.

Sərhədlərin çəkilməsinə dair məlum qaydanın olduğunu deyən Kazım Qarabəkir Paşa bildirdi ki, əgər konfrans onu qəbul edərsə, çətinliklər aradan qalxar. Əlavə etdi ki, sərhədləri çəkərkən kənd kimi təsadüfi məntəqələr əsas götürülməməlidir. Kəndlər dağıla, yana və məhv edilə bilər. Sərhədlər çəkilərkən təbii sərhədlər, məsələn, çaylar əsas götürülür. Çayın bir sahilində olan kənd digər tərəfdə, digəri isə başqa tərəfdə qalır. Əgər kənd əhalisi razı olmasa, istədiyi tərəfə keçə bilər. Kazım Qarabəkir Paşa təbii sərhədlərin çəkilməsini təklif etdi. Yakov Qanetski həmin təkliflə razılaşdı. Moskva konfransında Rusiya və Türkiyə məhz bu prinsipi seçmişdilər. Türk heyəti sərhədin yerində müəyyənləşdirilməsini təklif etdi. Bu işi ortaq komissiya yerinə yetirməli idi. Komissiya bəzən etnoqrafik prinsipi əsas götürmüşdü. Moskva müqaviləsində sərhədin Vartanlı, Qızıldaş və Kavtareti kəndlərindən keçməsi müəyyənləşdirilmişdi. Sərhəd Sarp kəndindən başlayırdı. Kəndin Qafqaz tərəfində qalan hissəsinin Türkiyə tərəfinə keçməsinə etiraz edilmədi. Kazım Qarabəkir Paşa mövcud vəziyyətdə sərhədin təbii sərhəddən – Sarp kəndindəki çaydan başlamasını təklif etdi. Moskva müqaviləsi görünür, bu çayı nəzərdə tutmuşdu. Kazım Qarabəkir Paşa uzaqdan xəritə üzərində bu və ya digər məntəqədə sərhədin cızılmasının mümkünsüzlüyünü bildirərək, ortaq komissiyanın yerlərə göndərilməsini təklif etdi. Komissiya coğrafi, iqtisadi və digər amilin üstünlüyünü yerində öyrənməli idi. Türk nümayəndə heyətinin sərhədə dair Moskva müqaviləsinin tam mətnini saxlamaq və ortaq komissiyanın bunu yerində təyin etməsi təklifi ilə Yakov Qanetski razılaşdı.

Sentyabrın 28-də keçirilən növbəti iclasda etdiyi çıxışında Kazım Qarabəkir Paşa komissiyanın sərhədlərə dair ümumi formulu artıq müəyyənləşdirdiyini və əgər etiraz olmazdısa, müzakirələrə başlamağı təklif etdi. Yakov Qanetski bildirdi ki, sərhədlərə dair maddəni burada rus dilinə çevirməyəcəklər, çünki maddə çoxlu adlar olan sırf texniki xarakter daşıyırdı. Müqavilə fransız dilində tərtib ediləcəyindən o, komissiyanın bu maddənin son mətnini fransız dilində təqdim olunmasını təklif etdi. Burada texniki anlaşılmazlıqlar ola bilməzdi.

Yakov Qanetski komissiyanın sərhəd məsələsində yekun qərara gəldiyini bildirdi. Komissiya hər iki hissənin tərcüməsində Moskva müqaviləsinin mətninə riayət etməyə çalışmışdı. Ona görə də hər iki hissəni bir maddədə birləşdirməyi təklif edən Yakov Qanetski əlavə etdi ki, bu zaman Moskva müqaviləsinin mətni ilə heç bir anlaşılmazlıq olmayacaqdır. Bundan sonra birinci paraqraf qəbul edildi və digər paraqrafların müzakirəsinə başlanıldı. Yakov Qanetski bütün coğrafi adların rus dilində oxunmasına ehtiyac olmadığını bildirdi. Çünki komissiyada bu adlara toxunulmuşdu. Lakin maddədə iki yerin izahata ehtiyacı olduğunu dedi. Maddənin Cənubi Qafqaza aid hissəsinin mətnində komissiyanın paritet əsasda formalaşdırılması barədə yazılmışdı. Kazım Qarabəkir Paşa müqavilənin türk mətnində nələrin yazıldığını dedi. Cənubi Qafqaza aid hissənin mətni oxunarkən Kazım Qarabəkir Paşa burada yazılmış “dövlətlərin sərhədləri” ifadəsini eşitdikdə onu dayandırıb belə bir sual verdi: “Dövlətlərin sərhədləri nə deməkdir?” Yakov Qanetski bunun iki dövlət arasında sərhəd olduğunu dedi.

Sentyabrın 30-da keçirilən iclasda Yakov Qanetski təqdim olunan müqavilə layihəsinin bütün Cənubi Qafqaz respublikalarının nümayəndələri tərəfindən imzalanması təklifini irəli sürdü. Kazım Qarabəkir Paşa bütün ümumi maddələri şərh etməyi və bu respublikalara aid olan maddələri ardıcıl düzməyi, sərhədlər haqqında maddəni hər bir respublika ilə ayrı maddədə bağlamağı təklif etdi. Onun fikrincə, əvvəlcə bütün respublikalara, sonra isə hər bir respublikaya aid olan maddələr verilməli idi. Məsələn, Ermənistana aid maddələr sərhəddən başlayaraq, sonra Ermənistana aid bütün məsələlər, sonra Gürcüstana aid məsələlər, sərhədə dair maddələrdən başlayaraq, bu respublikaya dair olan bütün məsələlərə aid maddələr, sonra Azərbaycana dair maddələr, sərhədə dair başlayan maddələr, sonra isə Azərbaycana dair olan bütün məsələlərə dair maddələr. O, təklif etdi ki, birinci maddə sərhədlər haqqında olsun, bütün bu maddələrin məcmusu hər bir respublikanın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanan bir ümumi traktatda tərtib edilsin.

Müqavilə layihəsi ilə bütün Cənubi Qafqaz respublikalarının nümayəndələrinin tanış olub-olmaması məsələsi ilə maraqlanan Kazım Qarabəkir Paşa bildirdi ki, əgər məqbul cavab olarsa, onda işi davam etdirəcəklər. Bütün nümayəndələrin layihə ilə tanış olduqlarını, yekdilliklə onu qəbul etdiklərini, Cənubi Qafqaz respublikalarının bir ümumi siyasi mərkəz yaratdıqlarını və həmin mərkəz vasitəsi ilə respublikaların siyasi və iqtisadi məsələlərini həll etdiklərini bildirən Yakov Qanetski dedi ki, bu respublikalar daxildə müstəqildirlər, lakin sürətli inqilabi fəaliyyət üçün birləşməyə qərar vermişlər. Yakov Qanetski türk nümayəndə heyətinin təklifini qəbul etməyərək, vahid bir müqavilənin bağlanmasında israr etdikdə, Kazım Qarabəkir Paşa iclasa 20 dəqiqəlik fasilə verilməsini xahiş etdi.

Axşam saat 8-də yenidən öz işinə başlayan iclasda çıxış edən Kazım Qarabəkir Paşa Cənubi Qafqaz respublikalarının hökumətləri arasında mövcud olan siyasi və iqtisadi birlikdən məmnunluğunu bildirdi. Şərqdə həmin birləşməni mövcud halda Türkiyə üçün bir qüvvə hesab edərək dedi ki, Moskva danışıqları zamanı bu barədə heç bir şey məlum deyildi, Qars konfransına dəvət zamanı Cənubi Qafqaz respublikalarının hökumətləri ayrıca nümayəndələr göndərməyi təklif etmiş və ayrıca müqavilələrin bağlanacağına güman edirdilər. Türk nümayəndə heyətinin Qafqaz respublikalarına hər cür güzəştə getdiyini bildirən Yakov Qanetski bu məsələdə də razılığa gəlinəcəyinə ümid ifadə etdi.

Hər bir respublika ilə ayrıca müqavilə bağlamağı təklif edən Kazım Qarabəkir Paşa dedi: “Hökumətimiz hər bir respublika ilə ayrıca müqavilə bağlamaq haqqında bizə göstəriş vermişdir”.

O, daha sonra bildirdi: “Moskva sovet hökuməti Güney Qafqaz respublikalarını müstəqil tanıdığını bildirir. Ona görə də biz onların hər biri ilə müstəqil dövlətlər kimi ayrıca müqavilə bağlamaq istəyirik. Bu barədə bizə Mustafa Kamal Paşa göstəriş vermişdir”.

Üç respublika ilə birlikdə vahid bir müqavilə bağlamağı təklif edən Yakov Qanetski mövqeyini aşağıdakı dəlillərlə əsaslandırdı: işi yüngülləşdirmək və sürətləndirmək lazımdır; ayrılıqda bağlana biləcək müqavilədə bir respublika digər respublikanın işinə qarışa bilər; burada bütün nümayəndə heyətləri iştirak edir; onlar məsələləri birlikdə həll edirlər; vahid bir müqavilənin imzalanması respublikalar üçün əlverişlidir; Moskva müqaviləsi imzalandıqdan sonra Cənubi Qafqazda vəziyyət dəyişmişdir; üç qardaş xalq birləşməyə doğru gedir; bu müddət ərzində sıx siyasi mərkəz yaradıblar; üç xalq Türkiyə ilə müqavilə bağlamağa getməyi sevinclə qarşılayıb; üç respublika birlikdə vahid müqavilə imzalanmasına Türkiyə ilə sıx ittifaq kimi baxır; vahid bir müqavilənin imzalanması Cənubi Qafqaz və türk xalqlarının ümumi düşməninə qarşı mübarizədə yeni imkanlar açır.

Məsələyə aydınlıq gətirən Azərbaycan nümayəndəsi Behbud Şahtaxtinski dedi: “İnqilabi zərurət bizi vahid müqavilə bağlamağa məcbur edir. Bu vahid müqavilədə Cənubi Qafqaz respublikaları üçün məqsədəuyğunluq və fayda, Türkiyə üçün isə bizim ümumi düşmənimizə qarşı nümayiş görürük. Qeyd etməliyəm ki, bu respublikalar artıq iqtisadi, siyasi və hərbi cəhətdən birləşmişlər. Bizim aramızda ən ciddi ərazi müəyyənləşdirilməsi vardır. Bu respublikalardan hər biri müstəqil vahid kimi çıxış edir. Bütün bu vahid müqaviləyə baxmayaraq, hər bir respublikaya aid ayrıca fəsillərin olmasında ümumi işimizə fayda deyil, ziyan görürük. Bizi respublikamızda, evimizdə kütlələr başqa cür başa düşərlər. Buna görə də mən Azərbaycan Respublikası adından müqavilənin vahid olmasını və bu müqavilədə hər bir respublikaya aid ayrıca fəsillərin olmamasını israr edirəm. Azərbaycan inanır ki, Cənubi Qafqaz respublikalarının simasında Türkiyə və Rusiya vahid cəbhədirlər”.

Behbud Şahtaxtinskinin çıxışından sonra Kazım Qarabəkir Paşa bildirdi ki, türk nümayəndə heyəti göndərdiyi teleqramın cavabında aldığı təlimata uyğun olaraq məlumat vermişdir və bu məsələ türk nümayəndə heyətinin səlahiyyəti xaricindədir. O, yenidən öz hökumətinə məlumat verəcəyini dedi. Yakov Qanetski türk nümayəndə heyətinin etdiyi təkliflə əlaqədar olaraq cari məsələlərlə məşğul olmağı irəli sürdü. Kazım Qarabəkir Paşa yekun bazanı müəyyənləşdirmək üçün layihəni oxumağı təklif etdi. Onun fikrincə, müqavilənin forması haqqında qərar yalnız Cənubi Qafqaz respublikaları və TBMM hökuməti arasında müvafiq münasibətlər qurulduqdan sonra qəbul ediləcəkdi. Bu qaydaya etiraz etməyən Yakov Qanetski onu doğru bildiklərini, lakin “bu respublikaların Türkiyə hökuməti ilə münasibətləri” ifadəsini başa düşmədiyini söylədi. Kazım Qarabəkir Paşa dedi ki, məsələ ondan ibarətdir, bu, diplomatik yolla TBMM hökumətinə və xarici nümayəndəliklərə çatdırılmalıdır.

Yakov Qanetski layihədə dəqiq razılaşmanın vacibliyini, çoxlu anlaşılmazlığın olduğunu qeyd edərək, xarici təmsilçilik barədə razılığını bildirdi. Konfrans haqqında məsələlərə gəlincə isə respublikaların səlahiyyətli nümayəndələrinə mandat verərək göndərdiyini dedi. Əgər bu nümayəndə heyətlərinin özlərinin həll edə bilməyəcəyi hər hansı bir məsələ olardısa, onu hökumətlərindən soruşa bilər, konfrans həll edə bilmədiyi məsələni hökumətlərin icrasına verə bilərdi. Türk nümayəndə heyətinin yenidən öz hökuməti ilə əlaqə yaratmaq istəyini başa düşmədiklərini bildirən Yakov Qanetski hər bir nümayəndə heyətinin səlahiyyəti olduğunu və türk nümayəndə heyətinin bununla razılaşmasını, müvafiq maddələrin müzakirəsinə başlamağı xahiş etdi. O, müqavilənin maddələrini müzakirə etməyi, formasını isə türk nümayəndə heyətinin öz hökumətindən cavab almasına qədər açıq saxlamağı təklif etdi.

Kazım Qarabəkir Paşa anlaşılmazlığın olmaması üçün türk nümayəndə heyətinin mövqeyini redaktə etməyi vacib hesab edərək bildirdi ki, Cənubi Qafqaz respublikalarının müqavilənin imzalanmasına dair təklifini qəbul edə bilmərik, bu barədə hökumətimizdən soruşduq, hökumətimiz də bizə növbəti fəaliyyət üçün ümumi müqavilə bağlamaq göstərişini verdi. Bildirdi ki, Cənubi Qafqaz respublikalarına aid olan bütün məsələlər ümumi, sonra isə hər bir respublikaya aid olan məsələlər ayrı verilsin. Türk nümayəndə heyəti etiraf etdi ki, müqavilənin Cənubi Qafqaz respublikalarının təklif etdiyi formada imzalanmasını, yəni bütün məsələlərin ümumi maddələrə yerləşdirilməsini, iqtisadi, siyasi və hərbi ittifaq barədə məlumatı öz hökumətinin diqqətinə çatdırmalıdır.

Cənubi Qafqaz respublikaları arasındakı münasibətlər barədə hökumətinə məlumat verməyi lazım bilən Kazım Qarabəkir Paşa öz hökumətinin yalnız bu məlumat ilə kifayətlənməyəcəyini, onun iki formada qəbul edilməsinin mümkünlüyünü bildirdi: birincisi, məsələ hökumətlər arasında həll edilən kimi hər bir müqavilə onların razılığı ilə imzalanacaqdır; ikincisi, türk nümayəndə heyətinin istəyinə uyğun olaraq hər bir ölkəyə aid olan maddələr xüsusi qayda ilə ayrıca bir rubrikada veriləcəkdir. Hər iki halı türk nümayəndə heyəti zəruri hesab edirdi.

Bu məsələnin aydınlaşdırılması üçün türk nümayəndə heyətinin güzəştə getməsini xahiş edən Yakov Qanetski bildirdi ki, ümumi qəbul olunmuş beynəlxalq qaydaya görə əgər beynəlxalq konfranslarda hər hansı bir nümayəndə heyəti ölkəsinin hökumətinin mövqeyini öyrənib bəyan edirsə, bu, rəsmi mövqe olur. Əgər türk nümayəndə heyəti etiraz etməsəydi, hər bir nümayəndə heyəti ayrılıqda ölkəsinin mövqeyini TBMM hökumətinə çatdırmaq üçün təqdim edərdi. Respublikaların xarici siyasət nümayəndələrinin ya həmin gün, imkan olmasa o biri gün TBMM xarici işlər komissarına müvafiq məlumatı çatdırması qərara alındı. Türk nümayəndə heyətinin rəhbəri onu lazımi yerə çatdırmalı idi.

Bəyannamənin TBMM xarici işlər komissarına çatdırılacağını deyən Kazım Qarabəkir Paşa əlavə etdi ki, respublikaların nümayəndələrinin bəyanatı, bəyannaməsi qaneedicidir, lakin bu formanın diplomatik yollarla müəyyənləşdirilməsi vacibdir. Bildirdi ki, əgər son ana qədər burada iştirak edən bütün nümayəndələr ayrı-ayrı dövlətləri təmsil edirdilərsə, bu dövlətlərin siyasi ittifaq təşkil etdikləri sonradan aydın olsa, təbii olaraq hüquqi baxımdan türk nümayəndə heyəti onların bəyannaməsini qəbul edə bilməz. Lakin sülh müqaviləsinin imzalanması üçün danışıqları ölkələri adından aparan bu nümayəndələr, əlbəttə, bəyannamələrini ayrılıqda Ankaraya təqdim edə bilərdilər. Bəyannaməni türk nümayəndə heyətinin adına deyil, Ankaraya göndərməyi xahiş edən türk nümayəndə heyəti həmin sənədi ünvanına çatdıra bilərdi.

Cənubi Qafqaz respublikaları arasında olan məsələlərin daxili məsələ olduğunu deyən Yakov Qanetski bəyannamənin TBMM hökumətinə göndərilməsi məsələsində türk nümayəndə heyətinin arzuladığı formallığı gözləyəcəklərini dedi. Hər bir respublikanın xalq xarici işlər komissarı TBMM hökumətinin adına müvafiq bəyannamə göndərəcəkdi. Beləliklə, Azərbaycan, Gürcüstan və Ermənistanın bəyannaməsi TBMM hökumətinə təqdim edilmək üçün türk nümayəndə heyətinin rəhbərinə çatdırmaq xahişi ilə veriləcəkdi. Yakov Qanetski dedi ki, Azərbaycan adından bu bəyannamədə xalq xarici işlər komissarının deyil, Azərbaycan Xalq Komissarları Soveti sədrinin müavininin imzası olacaqdır. Bu zaman Kazım Qarabəkir Paşa Rusiya hökumətinin də öz tərəfindən Cənubi Qafqaz respublikaları arasında ittifaq haqqında məlumat verməsinin zəruri olduğunu bildirdi.

Bu barədə hökumətinə təcili məlumat verəcəyini deyən Yakov Qanetski eyni zamanda təəccüb edərək, bu tələbin konfrans ilə heç bir ümumi əlaqəsinin və türk nümayəndə heyətinin bəyanatının başa düşülən olmadığını bildirdi. Kazım Qarabəkir Paşa Rusiya nümayəndə heyətindən bu xahişin edilməsini yubanmaların və ləngimələrin aradan qaldırılması zərurəti ilə əlaqələndirdi. Yakov Qanetski dedi ki, əgər söhbət Rusiya hökumətinin mövqeyinin öyrənilməsindən gedirsə, onun bəyanatı hökumətinin rəsmi mövqeyi olduğundan bu, kifayətdir. O, Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında münasibətləri Moskva müqaviləsi əsasında formalaşdırmaq üçün buraya gəldiklərini deyərək, türk nümayəndə heyəti tərəfindən qaldırılan çoxlu formallıqları başa düşmədiyini, müvafiq formallıqların respublikalar tərəfindən ediləcəyini bildirdi.

Yakov Qanetski konfransın gedişində yuxarıda göstərilən məsələ ətrafında mübahisələrə dair xalq xarici işlər komissarı Georgi Çiçerinə göndərdiyi 3 oktyabr tarixli teleqramında səhər iclasında sovet tərəfinin təqdim etdiyi müqavilə layihəsinin müzakirə edildiyi barədə məlumat verərək yazırdı ki, türklər hər bir Cənubi Qafqaz respublikasının ayrıca paraqrafda göstərilməsini təklif edirlər. Bununla razılaşmadığını yazan Yakov Qanetski qeyd edirdi ki, onlar bu barədə Ankaradan soruşmağa qərar veriblər. Türklər Türkiyə ilə Cənubi Qafqaz respublikalarının ərazisinə aid əvvəllər imzalanmış müqavilələrin ləğvini istəmişdilər və bu təklif qəbul edilmişdi. İkinci maddədə türklər Milli Aktı tanımağı təklif etmiş-dilər, bu təklif də qəbul edilmişdi.

Konfransda Naxçıvan və Batum məsələsində qızğın mübahisələr getmişdi. Türklər bu maddələrin hər birinə aid həmin vilayətlərin muxtariyyətinə dair ümumi əsasları dəqiq müəyyənləşdirən əlavənin olmasını və konfransda müvafiq respublikalarla türklərin birgə müəyyənləşdirilməsini israr etmişdilər. Batum limanından türklərin istifadəsinə dair məsələ barədə mübahisələr dörd saat davam etmişdi. Onlar öz bəyannamələrini təqdim edəcək və bu da müqaviləyə əlavə ediləcəkdi. Yakov Qanetski həmin əlavələr təklifi ilə razılaşdığını və döyüşün ağır keçdiyini yazırdı. Konfransda Kazım Qarabəkir Paşa bir neçə dəfə bildirmişdi ki, xarici işlər naziri Yusuf Kamal Moskva müqaviləsinin dəqiq mənasına istinad edərək, onların tələbini bəyənir. Türklər üç dəfə demişdilər ki, onlar Ankaradan soruşacaqlar. Yakov Qanetski bu barədə güzəştə getdiklərini və nəhayət, türklərin razılaşdığını yazırdı. Başqa bir təklifə görə, Azərbaycan, Gürcüstan və Ermənistan Türkiyəyə köçmək istəyən müsəlmanlara mane olmamalı idi. Bu, Yakov Qanetski tərəfindən rədd edilmişdi.

Yakov Qanetskinin qeydləri ilə tanış olan Georgi Çiçerin elə həmin gün, oktyabrın 3-də TBMM-in xarici işlər naziri Yusuf Kamala göndərdiyi notada yazırdı: “…Cənubi Qafqaz respublikaları arasında qarşılıqlı münasibətlər haqqında Qars konfransında türk nümayəndə heyətinin qaldırdığı məsələ ilə əlaqədar olaraq izah etməyi özümə şərəf bilirəm ki, … bu respublikaların arasında sıx siyasi və iqtisadi ittifaq vardır, onlara aid olan siyasi və iqtisadi məsələləri birlikdə həll edirlər”.

Behbud Şahtaxtinski isə xalq xarici işlər komissarı Mirzədavud Hüseynova yazırdı ki, konfrans heç bir ixtilaf olmadan keçir, yaxın günlərdə Cənubi Qafqaz respublikaları və Türkiyə arasında müqavilə qəti olaraq bağlanacaqdır.

Bu zaman bəzi qüvvələr rus-türk yaxınlaşmasını pozmaq üçün cəhdlər edirdilər. Konfransda yaranmış vəziyyət Rusiyanın Ankaradakı səlahiyyətli nümayəndəsi Sergey Naçarenusu narahat etdiyindən, o, oktyabrın 11-də Georgi Çiçerinə göndərdiyi teleqramında yazırdı ki, fransız nümayəndəsi Franklin Buyon ilə əldə olunmuş ilkin razılığa əsasən Türkiyə tərəfi Moskva müqaviləsini pozmaq üçün vasitələr axtarır və həmçinin Qafqazda keçmiş hökumətlərin bərpasına yardım etməyi öhdəsinə götürür. Əgər bu öhdəliyi yerinə yetirməyi Türkiyə həqiqətən qəbul edərsə, onda maksimum ehtiyatlı olmalıyıq, münasibətləri pozmaq üçün heç bir əsas verməməliyik. O, xahiş edirdi ki, qafqazlı yoldaşlar, xüsusən Gürcüstan və Ermənistan bunu diqqətə almalı, sərhəd məsələlərində xeyli ehtiyatlı olmalıdırlar. Bu öhdəlik götürülərdisə, kiçik bir ehtiyatsızlıq müqavilənin pozulması üçün rəsmi əsas ola bilərdi. O, Georgi Çiçerindən yardım göstərməyi xahiş edir, “hərarətli qafqazlı yoldaşlara müvafiq təlimat verməyi vacib hesab edir, əks təqdirdə çətin düzələn ağır bir zərbə vuracaqlarını” bildirirdi.

Qars müqaviləsinin şərtlərinin gələcəkdə mübahisələr doğurmamasından ötrü türk diplomatiyasının irəli sürdüyü təkliflər aşağıdakı kimi həll edildi: birincisi, Türkiyənin düzgün mövqeyini müdafiə edən Rusiya Moskva müqaviləsinin pozulmasının qəti şəkildə əleyhinə çıxdı, yəni Ani şəhəri Türkiyədə saxlanıldı; ikincisi, Qars konfransında iştirak edən Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətlərinin müqaviləyə dair hökumətlərindən aldıqları rəsmi dövlət cavabları Türkiyə hökumətinə diplomatik yollarla təqdim edildi, yəni bu respublikalar imzaları ilə müqavilənin imzalanmasına əvvəlcədən dövlət səviyyəsində razılıqlarını bildirdilər; üçüncüsü, Cənubi Qafqaz respublikalarının Ankarada nümayəndəliklərinin mövcud olması da müqavilənin dövlətlərarası səviyyəsini göstərirdi.

Beləliklə, Qars müqaviləsi imzalanmağa hazır idi.

(ardı var)

Musa QASIMLI,

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
Statistika
  • 0
  • 233
  • 86
  • 13,935
  • 52,484
ILK-10 Azeri Website Directory