Metodik dəstək: məktəb və müəllimlər üçün vacib amil

Metodik dəstək: məktəb və müəllimlər üçün vacib amil<b style="color:red"></b>

Metodistlər gənc və təcrübəsiz müəllimlərə müəssisədə səmərəli işləməyə kömək edən, onların peşəkar fəaliyyətlərində və inkişafında metodik, psixoloji və elmi dəstək göstərən daha yaşlı və təcrübəli ixtisaslaşmış müəllimlərdir. 

Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) Metodik Dəstək Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov deyir ki, metodist olmaq üçün bir sıra müxtəlif bilik, bacarıq və səriştəyə yiyələnmək lazımdır. Bu yolda uğur şüurlu, məqsədyönlü və davamlı özünüinkişafdan asılıdır. Təsadüfən toplanan təcrübədən daha çox, qarşıya daha çətin məqsədlər qoyub, onlara çatmaq lazımdır. Zaman, səy və daxili motivasiya bu məqsədlərə çatmaq üçün ən vacib amillərdir.

Nəticədə bu yolda əldə edilən yeni metodları inkişaf etdirmək ixtisaslaşmış müəllimin metodist olmasına imkan yaradır: “Metodistin peşəkar iş fəaliyyətində isə əsas yer tutan məsələlərdən biri təlim-tərbiyə işi ilə bağlı məlumatın, metodların öyrənilməsi, sistemləşdirilməsi, yayılması və inkişafıdır. “Xalq təhsili”ndə metodist öz funksional vəzifələrini yerinə yetirmək üçün metodika ilə peşəkarcasına məşğul olan pedaqoji heyət kateqoriyasına aiddir. Metodik xidmət təcrübəli və yeni müəllimlərə dəstək və yolgöstərmə mexanizmi kimi xarakterizə olunur. Bundan əlavə, metodist, müəllimlərin işini planlaşdırır, onların fəaliyyətinə rəhbərlik edir, peşəkar inkişafı yolunda müxtəlif seminar və konfranslar keçirir. Alimlərin topladığı sübutlar göstərir ki, metodik xidmətin təhsil müəssisəsinin inkişafına müsbət təsiri və bu sahədə xüsusi rolu var. Belə ki, aparılan araşdırmaya görə, keyfiyyətli metodik xidmət alan müəllimlər digər müəllimlərdən fərqli olaraq karyera pilləsində daha tez ucalır, gördükləri işi sevir və ondan zövq alırlar. Digər araşdırmalara görə, metodik xidmətin keyfiyyəti metodika siyasətinin təbiətindən və onun icrasının keyfiyyətindən asılıdır. Belə ki, metodika siyasəti ölkədən ölkəyə dəyişir və bu xidmətin təhsil müəssisəsinə olan faydaları araşdırılır, nəticəyə uyğun dəyişir, ya da təkmilləşir”.  

Şöbə müdirinin dediyinə görə, elm  və təhsil praktikası arasında bir vasitəçi olmaq, pedaqoji heyətin davamlı peşəkar inkişafını təmin etmək metodistin ən başlıca öhdəliklərindəndir. Beləliklə, metodistin əsas professional metodik fəaliyyəti onun pedaqoji heyətin peşəkar fəaliyyətinin və təhsil proseslərinin təşkilini əhatə edir. Digər tərəfdən də müasir təhsilin tələblərinə cavab vermək üçün metodistlərin peşəkar fəaliyyətlərində bir sıra istiqamətlər və rollar təzahür edir.

Texnoloji fəaliyyətin əsas xüsusiyyətlərini qeyd etsək, burada  metodist, müəllimlərin peşəkar inkişafı üçün vacib olan məlumatı pedaqoji heyətə çatdırır, pedaqoji metodik və məlumat xarakterli vəsaitləri sistemləşdirir və peşəkar inkişafın müasirləşdirilməsinə dəstək göstərir. Bundan əlavə, metodist pedaqoji heyətin innovativ, aktual, peşəkar təcrübələrini aşkar edir, öyrənir, ümumiləşdirir, təsvir edir və təhsil müəssisələrində pedaqoji heyətlə bölüşür. Müəllimlərin peşəkar təcrübəsinin qeydə alınmasında, metodik vəsaitlərin hazırlanmasında və elmi məqalələrin yazılmasında müəllimlərə kömək edir. Gənc və təcrübəli müəllimlərin attestasiyadan, diaqnostik qiymətləndirmələrdən uğurlu nəticələr əldə etmələri üçün istiqamət verir. Metodistin texnoloji nailiyyəti pedaqoji fəaliyyətin normalarını müəyyən etməsi və həmin normaların nəzəri təcrübəsini praktik təcrübəyə ixrac etməsindən ibarətdir. Məsələn, müəllimin iş fəaliyyətində qarşılaşdığı çətinliyi analiz edir, onların səbəblərini araşdırır və onları aşmaq üçün metodlar irəli sürür. Bundan əlavə, metodist öyrənilmiş yeni texnologiyalardan daha səmərəli istifadə etmək üçün onları bir bank formasında arxivdə saxlayır və lazım gələndə digər müəllimlərlə bölüşür.

Elxan Nəcəfov bildirib ki, metodistin peşəkar fəaliyyəti, öz növbəsində, pedaqoji heyətin iş fəaliyyətində qarşılaşdığı çətinlikləri aradan qaldırmasına kömək edir. Bundan əlavə, müəllimlərin peşəkar inkişaf proqramlarının hazırlanması, İKT bilik və bacarıqlarının inkişafının təmin edilməsi, əldə edilən bilik və bacarıqların müəllimlərin iş fəaliyyətinə inteqrasiya edilməsi və başqa fəaliyyətləri özündə ehtiva edir. Metodist, müəllimlərin innovativ və metodik fəaliyyətlərinin keyfiyyətini artırmaq üçün motivasiya xarakterli və stimullaşdırıcı tədbirlər görür. Müəllimlərə lazım olan müxtəlif tipli sənədlərin, vəsaitlərin hazırlanması və toplanmasında dəstəkləyici rol oynaması isə metodistin idarəçilik fəaliyyət növünə daxildir. Metodistin araşdırma fəaliyyətində ümumtəhsil müəssisələrində elmi-metodik araşdırmaların, təhlillərin aparılması, innovativ təlim-tədris texnologiyalarının öyrənilməsi, öyrədilməsi və tətbiqi yer alır. Metodistin ekspert fəaliyyətinə isə müəllim fəaliyyətinin ekspertizası, qiymətləndirmə meyarlarının hazırlanması, müəllimin peşəkar fəaliyyətinin ekspert müşahidəsi və qiymətləndirilməsi daxildir: “Yuxarıda sadalanlardan aydın olur ki, ümumtəhsil müəssisələrində müəllimlərin peşəkar inkişafına yönəlmiş metodist-müəllim münasibətlərində, metodist bir neçə rolda çıxış edə bilər və hər bir rolun fərdi səmərəlilik səviyyəsi var”.

Şöbə müdirinin sözlərinə əsasən, metodistin əsas peşəkar funksiyası məlumatın  pedaqoji heyətə ötürülməsidir. Metodist bu rolu uğurla icra edə bilmək üçün öz iş sahəsində yüksəkixtisaslı mütəxəssis, bilik və təcrübəsini digərlərinə ötürməkdə yüksək qabiliyyətə malik olmalıdır. Təhsil sahəsində müəllim-metodist əlaqələri metodistmərkəzli olduğu üçün onun aktivliyi üstünlük təşkil etməli, müvafiq sahə və mövzularda müəllimlərin suallarına çevik cavab verməyə hazır olmalıdır. Bundan əlavə, müəllim-metodist əlaqələrində və qarşılıqlı iş fəaliyyətində müxtəlif aktiv və interaktiv metodlardan istifadə etməlidir: “Aktiv metodik xidmətin məqsədi müəllimlərin sadəcə iş görmələri yox, gördükləri işin mahiyyətini və məsuliyyətini anlaması və bu yolda inkişaf addımları atmasıdır. Lifenko isə əlavə edir ki, müəllimləri aktiv işə cəlb etməzdən əvvəl, birinci növbədə metodist aktiv dəstək strategiyalarını müəyyən və fəaliyyət planını tərtib etməlidir.

İnteraktiv iş metodu müəllimlərin dəstək-təlim prosesinin aktiv iştirakçılarına çevrilməsinə, düşünməsinə, beyin fırtınası etməsinə, əldə edilən nəticəni qrupda bölüşməsinə imkan yaradır. Bu prosesə metodist-müəllim, müəllim-müəllim münasibətləri, audio, video və vizuallardan istifadə və sonda nümayiş strategiyaları daxildir. İnteraktiv iş metodu nəinki müəllimlərin fənn biliyinin inkişafına, həmçinin, onların  marağının, komanda ruhunun artırılmasına, özünə güvən və özünü ifadə etmək bacarığının artmasına kömək edəcək”.

ARTİ-nin Metodik Dəstək Mərkəzinin Əlaqələndirmə şöbəsinin baş mütəxəssisi Aygün İsgəndərova isə vurğulayıb ki, metodist-analitik müəllimlərin metodik fəaliyyətlərinin, təlim-tədris prosesinin monitorinq nəticələrinin, pedaqoji heyətin məlumat yönümlü ehtiyaclarının diaqnostikasını və analizini aparmağı bacarmalıdır. Metodist-analitik fərdi və kollektiv konsultasiyalar aparmalı, keyfiyyətli diaqnostika nəticəsində müəllimlərin iş fəaliyyətində yaşadıqları problemləri analiz və çatışmazlıqları aradan qaldırmağa kömək etməlidir: “Müəllimlərin müstəqil qrup fəaliyyətlərini təşkil etmək, məlumatın müəllimlər tərəfindən mənimsənilməsinə kömək etmək, peşəkar fəaliyyətin yollarını və situasiyaya uyğun münasibət instrumentlərini tətbiq etmək metodist-moderatorun əsas peşə funksiyalarındandır. Bu funksiyaların icrası aşağıdakı addımları əhatə edir: peşəkarlar arasında əlaqələr qurmağa vasitəçilik, müəllimlərin davamlı peşəkar inkişafını təşkil edir. Müəllimlərin peşəkar fəaliyyətində qarşılaşdıqları problemləri  həll etmək üçün fəaliyyət planı tərtib və onları idarə edir. Bundan əlavə, Vavilova qeyd edir ki, metodist empati qurmağı, həmçinin, düzgün yönəltməyi və idarə etməyi bacarmalıdır”.

Onun dediyinə görə, metodist – tyutor rolunda müəllimin şəxsi və peşəkar inkişafı ilə bağlı metodik dəstək göstərir, fərdi proqramlar tərtib edir və bu yöndə metodistlərə kömək edir. Bu rolda metodist müəllimlərə hazır həll yolunu və lazımi məlumatı verməkdən daha çox, məsələlərin həll yolunu tapması üçün məsləhət verməklə dəstək olur. Metodistin tyutorluq vəzifəsi, həmçinin, müəllimlərin professional məsələləri həll etmək üçün ehtiyac duyduqları, lakin çatışmayan bilik və bacarıqları əldə etmək yönündə alternativ yolların araşdırılması və tədbiq olunmasını əhatə edir. Metodist-tyutor olmaq üçün əsas keyfiyyətlər pedaqoji intuisiya, situasiyaya görə çevik hərəkət etmə və qərarvermə bacarıqlarıdır: “Metodist – fasilitator rolunda müəllimin fərdi peşəkar inkişafı və təkmilləşməsi prosesi yönündə psixoloji-pedaqoji dəstək göstərir. İş prosesində müəllim-müəllim, müəllim-valideyn, müəllim-şagird qarşılıqlı münasibətlərində yaranan baryerləri aşmağa kömək edir. Əlavə olaraq, Vavilova qeyd edir ki, metodist-fasilitator auditoriyanın və tabeliyində olan pedaqoji heyətin psixoloji xüsusiyyətlərini nəzərə alır, özünüinkişaf prosesində müəllimlərin dəyişməsini müşahidə edir və müvafiq tədbirlər görür. Bu rolu icra etmək üçün metodist empati qurmağı bacarmalı, çevik, açıq, nəzakətli, xeyirxah və həssas olmalıdır”.

Sevinc QARAYEVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2021
S M T W T F S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 394
  • 105
  • 17,785
  • 40,900
ILK-10 Azeri Website Directory