MÜSTƏQİLLİYİMİZƏ GEDƏN YOL

Hər bir xalq öz müstəqillik arzusunu, istiqlal duyğusunu həmişə ürəyində yaşadıb, vaxtsa onun gerçəkləşməsi, reallaşması üçün əlverişli məqam gözləyib.

 Azərbaycanda belə məqam ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq keçmiş SSRİ-də və bütün dünyada gedən ictimai-siyasi proseslərin labüd nəticəsində yaranıb. 1988-ci ilin 17 noyabrında azadlıq və istiqlaliyyət arzusunda olan xalq öz qəti sözünü deməkdən, gücünü, birliyini, əzmini göstərməkdən ötrü meydanlara axışıb. Həmin dövrdə milli azadlıq uğrunda mübarizənin yeni mərhələsi başlanıb.

Lakin azadlıq istəyi xalq hərəkatından başlansa da, həmin günlərdə meydanda xalqın həqiqi mənada milli lideri olmadığından dövlətçiliyimizin dirçəliş ideyasının həyata keçirilməsində siyasi və tarixi baxımdan mühüm və vacib addımlar atılmadı.

Xalq hərəkatına rəhbərliyi öz inhisarına keçirmiş bir qrup səbatsız və ambisiyalı şəxsin səriştəsiz siyasəti nəticəsində respublikanın milli fəlakətə sürükləndiyi bir vaxtda xalq getdikcə daha yaxından əmin olurdu ki, onun milli liderə böyük ehtiyacı vardır. Belə bir tarixi şəxsiyyət isə yalnız Heydər Əliyev idi. Əslində bunu o vaxtkı ittifaq və respublika rəhbərliyi də aydın dərk edirdi. Buna görə də bu nəhəng insanı, uzaqgörən siyasətçini siyasi təqiblərə, əsassız böhtanlara məruz qoyur, xalqın onun ətrafında birləşəcəyindən qorxur, Azərbaycana qayıdaraq siyasi fəaliyyətlə məşğul olmasına əngəllər törədirdilər.

Heydər Əliyevin 1990-cı ildə Azərbaycana qayıdışından sonra  ölkədə başlanan milli dirçəliş prosesi aparıcı qüvvəyə çevrilərək, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olundu.  Ulu Öndərin Naxçıvanda parlament seçkilərinə qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana üz tutması, Heydər Əliyevlə təmasa can atması, insanlarla günü-gündən genişlənən çoxsaylı və kütləvi görüşlər Azərbaycanda milli azadlıq hərəkatının vüsət almasına və getdikcə daha da mütəşəkkilləşməsinə müsbət təsir göstərməyə başladı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu.  Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-nın dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvan Ali Məclisinin sonrakı iclaslarının birində Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin 20 yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Ali Məclisin qəbul etdiyi qərarda SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyinin 20 Yanvar faciəsinə görə birbaşa məsuliyyət daşıdıqları göstərildi.

Təbii ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası Heydər Əliyevin başlatdığı bu prosesin yekun nəticəsi olmalı idi. Görülən hər bir iş, atılan hər bir addım isə Azərbaycan xalqını bu nəticəyə – dövlət müstəqilliyinin bərpa olunmasına yaxınlaşdırırdı. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adı dəyişdirilərək «Azərbaycan Respublikası» adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

O dövrdə proseslərin gedişatı göstərirdi ki, respublika rəhbərliyi xalqın milli azadlıq mübarizəsinin, müstəqil və demokratik dövlətçilik hərəkatının qarşısında tab gətirmək iqtidarında deyil. Respublika Ali Sovetinin  1991-ci il avqustun 30-da növbədənkənar sessiyasında «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul etmək məcburiyyətində qalması faktı bu həqiqəti bir daha sübut etdi.  Həmin dövrdə Heydər Əliyev başda olmaqla Naxçıvan MR Ali Məclisi bu sənədi dəstəkləyərək  bəyan etdi ki, Azərbaycan Respublikası bəyannamə ilə kifayətlənməməli, özünün tam milli dövlət müstəqilliyini əldə etməli və mövcud SSRİ formatında yaradılacaq heç bir ittifaqa daxil olmamalıdır.

Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı, “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Siyasi hakimiyyət Heydər Əliyev və Azərbaycan xalqının müstəqil və demokratik dövlətçilik uğurunda  apardıqları mübarizənin  qarşısında tab gətirə bilməyərək 1991-ci il oktyabrın 18-də nəhayət ki,  «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı»nın  qəbul edilməsinə razılıq verdi. 

1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Fəqət, müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. Biri-birini əvəz edən A.Mütəllibov və AXC-Müsavat iqtidarları əslində dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. 1991-1993-cü illərdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər. Bütün bunlar isə nəticə etibarilə müstəqilliyin məhvinə aparırdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.

Belə bir vəziyyətdə Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin tələb və istəyi ilə hakimiyyətə gələn xalqımızın böyük oğlu Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. Ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu, ən əsası Azərbaycanın dövlət müstəqilliyini təmin etdi.

Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil edir. Son 18 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həm də dövlət idarəçiliyində və siyasət meydanında yeni məktəbin banisi olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs isə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları  Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Prezident İlham Əliyevin dediyi kimi: «Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin»…

Telli İSMAYILOVA,

Gədəbəy rayon notariat

ofisinin notariusu

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2021
S M T W T F S
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 72
  • 12
  • 7,001
  • 59,710
ILK-10 Azeri Website Directory